Görmədiyi halda özündən yuxu uydurmaq haqqında
Aleykum salam. Bir insanın görmədiyi halda yalandan yuxu gördüyünü deməsi böyük günahdır. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bu əməldən çəkindirərək demişdir: "Yalanların ən böyüyü bir adamın yuxuda görmədiyi bir şeyi gözləri ilə gördüyünü iddia etməsidir". (Səhih əl-Buxari, 7043).
Başqa bir hədisdə demişdir: "Kim özündən bir yuxu uydursa, (Qiyamət günü) ona iki arpa dənəsini bir-birinə calaşdırmaq buyurular, ancaq o, bu dənələri heç vaxt calaşdıra bilməz". (Səhih əl-Buxari, 7042).
Başqa bir hədisdə Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) yuxunun Allahdan olduğunu bildirərək demişdir: "Gözəl yuxu Allahdandır". (Səhih əl-Buxari, 3292).
Yalandan yuxu gördüyünü deyən şəxs Allahın adından yalan danışdığı üçün bu əməl böyük günahdır. Uca Allah buyurur: "Allaha qarşı yalan uydurandan və ya özünə vəhy olunmadığı halda: "Mənə də vəhy olunmuşdur" - söyləyəndən və: "Mən də Allahın nazil etdiyinin bənzərini endirəcəyəm" - deyəndən daha zalım kim ola bilər?" (əl-Ənam, 93). Həmçinin oxuyun: Yuxu haqqında