46. əl-Əhqaf surəsi

"Qumsal təpələr" surəsi, 35 ayə,
Məkkədə nazil olub.

Mərhəmətli və Rəhmli Allahın adı ilə!

 

1. Ha. Mim.

2. Bu Kitab Qüdrətli, Müdrik Allah tərəfindən nazil edilmişdir.

3. Biz göyləri, yeri və onların arasında olanları ancaq bir həqiqət kimi və məlum bir zaman kəsimi üçün yaratdıq. Kafirlər isə xəbərdar edildikləri şeylərdən üz döndərdilər.

4. De: "Bir deyin görək, sizin Allahdan başqa tapındıqlarınız yer üzündə nə yaratmışlar? Yoxsa onların göylərin yaradılmasında bir şərikliyi var? Əgər doğru danışanlarsınızsa, mənə bundan əvvəl nazil olmuş bir kitab və ya elmdən qalan bir əsər gətirin".

5. Allahı qoyub Qiyamət gününədək özünə cavab verə bilməyən əşyalara yalvaran kimsədən daha çox azmış kim ola bilər? Halbuki o bütlər onların yalvarışından xəbərsizdirlər.

6. İnsanlar bir yerə toplanılacaqları zaman bütlər onlara düşmən kəsiləcək və onların ibadətini inkar edəcəklər.

7. Ayələrimiz onlara aydın şəkildə oxunarkən, artıq həqiqətin gəldiyini görüb onu inkar edən kafirlər: "Bu, açıq bir sehrdir!"– deyirlər.

8. Yaxud: "Bunu özündən uydurmuşdur!" – deyirlər. De: "Əgər mən onu uydurmuşamsa, siz məni Allahdan gələn heç bir cəzadan xilas edə bilməzsiniz. O sizin Quran haqqındakı söz-söhbətlərinizi daha yaxşı bilir. Mənimlə sizin aranızda Şahid kimi Allah yetər. O, Bağışlayandır, Rəhmlidir".

9. De: "Mən peyğəmbərlərin birincisi deyiləm. Mənə və sizə nə üz verəcəyini də bilmirəm. Mən sadəcə mənə vəhy olunana tabe oluram. Mən yalnız açıq-aşkar xəbərdar edənəm!"

10. De: "Bir deyin görək, əgər bu Quran Allah tərəfindəndirsə və siz də onu inkar etmisinizsə, İsrail oğullarından da bir şahid onun bənzərinə şahidlik edib iman gətiribsə, siz isə təkəbbür göstərmisinizsə, zülm etmiş olmazsınızmı? Allah zalımları doğru yola yönəltməz!"

11. Kafirlər möminlərə dedilər: "Əgər Quran xeyirli bir şey olsaydı, onlar bunda bizi qabaqlaya bilməzdilər!" Onlar bununla doğru yola gəlmədikləri üçün: "Bu, köhnə yalandır!"– deyəcəklər.

12. Ondan əvvəl Musanın rəhbər və mərhəmət olan Kitabı var idi. Bu isə zalımları qorxutmaq və yaxşı iş görənlərə müjdə vermək üçün ərəb dilində nazil edilmiş, əvvəlkiləri təsdiq edən bir Kitabdır.

13. Həqiqətən də: "Rəbbimiz Allahdır!"– deyib sonra düz yol tutanlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.

14. Onlar Cənnət əhlidirlər və etdikləri əməllərin əvəzi olaraq orada əbədi qalacaqlar.

15. Biz insana ata-anasının qayğısına qalmağı tövsiyə etdik. Anası onu bətnində əziyyətlə daşımış və əziyyətlə doğmuşdur. Onun bətndə daşınma və süddən kəsilmə müddəti otuz ay çəkir. Nəhayət, o, yetkinlik çağına yetişib qırx yaşa çatdıqda deyər: "Ey Rəbbim! Mənə, mənim özümə və valideynlərimə bəxş etdiyin nemətə şükür etmək və Sənin razı qalacağın yaxşı işlər görmək üçün ilham ver, nəslimi də mənim üçün əməlisaleh et. Mən Sənə tövbə etdim. Həqiqətən, mən müsəlmanlardanam!"

16. Belələri, əməllərinin ən yaxşısını qəbul edəcəyimiz, günahlarından keçəcəyimiz və Cənnət əhli içərisinə daxil edəcəyimiz kimsələrdir. Bu onlara verilmiş doğru vəddir.

17. Kimisi də ata-anasına: "Tfu sizə! Məndən əvvəl neçə-neçə nəsillər gəlib-getdiyi halda, siz məni qəbirdən çıxarılacağımlamı hədələyirsiniz?"– deyər. Onlar Allahdan yardım diləyərək: "Vay sənin halına! İman gətir, Allahın vədi haqdır!"– deyərlər. O isə: "Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir!"– deyər.

18. Belələri o kəslərdir ki, onlardan əvvəl gəlib-getmiş cin və insanlardan ibarət olan xalqlar haqqındakı Söz onların barəsində də gerçəkləşmişdir. Həqiqətən də, onlar ziyana uğrayanlardır.

19. Hamının etdiyi əməllərə görə dərəcələri vardır ki, Allah onlara əməllərinin əvəzini versin. Onlara əsla zülm edilməz.

20. Kafirlər Odun qarşısına gətiriləcəkləri gün onlara deyiləcəkdir: "Siz dünya həyatınızda pak nemətlərinizi sərf edib qurtardınız və onlardan zövq aldınız. Bu gün isə siz yer üzündə haqsız olaraq təkəbbür göstərdiyinizə və asi olduğunuza görə alçaldıcı əzabla cəzalandırılacaqsınız!"

21. Ad tayfasının qardaşını xatırla! Bir zaman o özündən əvvəl də, sonra da qorxudan peyğəmbərlər gəlib-getmiş qumsal təpələrdə yaşayan tayfasını: "Allahdan başqasına ibadət etməyin. Mən sizə üz verəcək əzəmətli günün əzabından qorxuram!" deyə xəbərdar etmişdi.

22. Onlar isə demişdilər: "Sən bizi məbudlarımızdan döndərməyəmi gəldin? Əgər doğru danışanlardansansa, bizə vəd etdiyini gətir!"

23. Hud dedi: "Bu haqda bilgi ancaq Allaha məxsusdur. Mən sizə yalnız mənimlə göndərilənləri təbliğ edirəm. Lakin mən sizin cahil adamlar olduğunuzu görürəm".

24. Nəhayət o əzabı vadilərinə doğru gələn bir bulud şəklində gördükdə: "Bu bizə yağış yağdıracaq buluddur!"– dedilər. Hud dedi: "Xeyr! Bu sizin tez gəlməsini istədiyiniz – özü ilə ağrılı-acılı əzab gətirən bir küləkdir!

25. O öz Rəbbinin əmri ilə hər şeyi yerlə yeksan edəcəkdir!" Onlar elə məhv oldular ki, evlərindən başqa heç bir şey görünmədi. Biz günahkar adamları belə cəzalandırırıq.

26. Sizə vermədiyimiz imkanları Biz onlara vermişdik. Onlara qulaq, göz və qəlb vermişdik. Lakin nə qulaqları, nə gözləri, nə də qəlbləri onlara heç bir fayda vermədi. Çünki onlar Allahın ayələrini inkar edirdilər. Onları ələ saldıqları əzab bürüdü.

27. Biz sizin ətrafınızda olan şəhərləri məhv etdik. Biz ayələri onlara müxtəlif cür izah etdik ki, bəlkə küfrdən əl çəkələr.

28. Bəs nəyə görə Allahı qoyub Ona yaxınlaşmaq məqsədilə ilahiləşdirdikləri tanrılar onlara kömək etmədi? Əksinə, onlardan uzaqlaşıb yox oldular. Bu onların iftiraları və uydurmalarıdır.

29. Bir zaman bir dəstə cini Quranı dinləmək üçün sənin yanına yolladıq. Onlar onu dinləməyə gəldikdə bir-birinə: "Susun, qulaq asaq!"– dedilər. Quran oxunub qurtardıqdan sonra isə xəbərdar etmək məqsədilə öz tayfalarının yanına qayıtdılar.

30. Onlar dedilər: "Ey qövmümüz! Biz, həqiqətən də, Musadan sonra nazil edilmiş, özündən əvvəlkiləri təsdiqləyən, haqqa və düz yola yönəldən bir Kitab dinlədik!

31. Ey qövmümüz! Allahın təbliğatçısını qəbul edin və ona iman gətirin ki, Allah günahlarınızı bağışlasın və sizi ağrılı-acılı əzabdan qurtarsın!"

32. Allahın təbliğatçısını qəbul etməyən kimsə yer üzündə Allahdan yaxa qurtara bilməz və Ondan başqa onun himayəçi dostları da olmaz. Onlar aşkar azğınlıq içindədirlər.

33. Məgər onlar göyləri və yeri yaradan, onları yaratmaqla yorulmayan Allahın ölüləri də diriltməyə qadir olduğunu görmürlərmi? Sözsüz ki, O, hər şeyə qadirdir.

34. Kafirlər Odun qarşısına gətiriləcəkləri gün onlara: "Məgər bu, həqiqət deyilmi?"– deyiləcəkdir. Onlar: "Bəli, Rəbbimizə and olsun ki, həqiqətdir!"– deyəcəklər. Allah da: "Küfr etdiyinizə görə dadın əzabı!"– deyəcəkdir.

35. Elçilərdən möhkəm iradə sahiblərinin səbir etdiyi kimi, sən də səbir et! Onlara əzabın tez gəlməsini istəmə. Onlar vəd olunduğunu görəcəkləri gün gündüzün bircə saatı qədər qaldıqlarını sanacaqlar. Bu, bir təbliğatdır. Heç fasiq adamlardan başqası məhv edilərmi?