70. əl-Məaric surəsi

"Dərəcələr" surəsi, 44 ayə,
Məkkədə nazil olub.

Mərhəmətli və Rəhmli Allahın adı ilə! 

 

1. İstəyən kimsə baş verəcək əzabı istədi –

2. bunu kafirlər üçün dilədi. O əzabın qarşısını alan tapılmayacaq.

3. O, dərəcələr sahibi olan Allahdandır.

4. Mələklər və Ruh (Cəbrail) Ona doğru sayı əlli min ilə bərabər bir gün ərzində qalxırlar.

5. Sən təmkinlə səbir et!

6. Doğrusu, kafirlər o əzabın uzaq olduğunu güman edirlər.

7. Biz isə onun yaxın olduğunu görürük.

8. O gün göy əridilmiş metal kimi olacaqdır.

9. Dağlar da didilmiş yuna bənzəyəcəklər.

10. Dost dostunun halını xəbər almayacaq.

11. Halbuki onlar bir-birini görəcəklər. Günahkar o günün əzabından qurtarmaq üçün fidyə vermək istəyər – öz oğullarını,

12. həyat yoldaşını və qardaşını,

13. ona sığınacaq vermiş nəslini

14. və yer üzündə olanların hamısını – təki bu onu xilas etsin.

15. Xeyr! Bu, alovu şölələnən Oddur –

16. başın dərisini sıyırıb çıxaran bir od.

17. O od çağırır haqqa arxa çevirəni, ondan üz döndərəni

18. və mal-dövlət yığıb saxlayanı.

19. Həqiqətən, insan kəmhövsələ yaradılmışdır.

20. Ona bir pislik toxunduqda özündən çıxır,

21. bir xeyir nəsib olduqda isə xəsislik edir.

22. Namaz qılanlar istisnadır.

23. O kəslər ki, namazlarını həmişə qılırlar.

24. O kəslər ki, onların mallarında məlum bir haqq vardır-

25. dilənən və həya edib dilənməyən miskinlər üçün.

26. O kəslər ki, Haqq-hesab gününü təsdiq edirlər.

27. O kəslər ki, Rəbbinin əzabından qorxurlar.

28. Axı Rəbbinin əzabı onlar üçün də təhlükəsiz deyil.

29. O kəslər ki, tənasül üzvlərini zinadan qoruyurlar –

30. zövcələrindən və sahib olduqları cariyələrdən başqa. Buna görə onlar əsla qınanmazlar.

31. Bundan artığını istəyənlər isə həddi aşanlardır.

32. O kəslər ki, əmanəti danmır və əhdlərini pozmurlar.

33. O kəslər ki, şahidliklərində mətindirlər.

34. Bir də o kəslər ki, namazlarını dəqiqliklə qılırlar.

35. Cənnət bağlarında hörmət göstəriləcək insanlar da elə onlar olacaqdır.

36. Sənə doğru tələsən kafirlərə nə olub belə –

37. sağdan-soldan dəstələrlə ətrafına yığışırlar?

38. Deyəsən onların hamısı Nəim cənnətinə bir təhər girə biləcəklərini düşünürlər?

39. Xeyr! Bu mümkün deyil! Biz onları bildikləri şeydən xəlq etmişik.

40. And içirəm məşriqlərin və məğriblərin Rəbbinə! Biz doğrudan da, elə bir qüdrətə malikik ki, –

41. onları daha yaxşıları ilə əvəz edə bilərik. Bunda qarşımıza çıxa bilən tapılmaz.

42. Vədə verilmiş günə çatanadək onlarla daha işin olmasın, qoy boş-boş danışsınlar və əylənsinlər.

43. O gün, məbudlarına ibadətə can atırmışlar kimi onlar qəbirlərdən çıxacaqlar.

44. O gün onların baxışları yerə dikiləcək, özlərini də zillət bürüyəcəkdir. Budur onların xəbərdar edildikləri Gün!