Məsciddə şəkil çəkdirmək olarmı?
Və aleykum salam. Əvvəla istər məsciddə, istərsə də başqa yerlərdə zərurət olmadan şəkil çəkdirməkdən çəkinmək lazımdır. Üstəlik məscidə Allaha ibadət üçün gedirik, şəkil çəkib başqalarına göstərmək üçün yox. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Ümmətim üçün qorxub ehtiyat etdiyim əməllərdən biri də riyadır (özünü başqalarına göstərmək üçün xeyirli əməl etmək). O hansı əmələ daxil olarsa, onu puç edər". (İmam Əhməd "əl-Musnəd", 5/429; əl-Albani "Səhih əl-Cami", №: 155; İbn Məcəh "Sunən", №: 4205).
Əməllərdə və ibadətin bütün növlərində ixlaslı olmaq barədə də Uca Allah buyurur: "Halbuki onlara, dini məhz Allaha məxsus edərək, həniflər kimi ibadət etmək, namaz qılmaq və zəkat vermək əmr olunmuşdu. Doğru din də elə budur!" (əl-Beyyinə, 5).
"...Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı işlər görsün və icra etdiyi ibadətlərində Rəbbinə heç kəsi şərik qoşmasın!" (əl-Kəhf, 110).