79. ən-Nəziət surəsi
"Can alanlar" surəsi, 46 ayə,
Məkkədə nazil olub.
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
1. And olsun kafirlərin canını zorla alanlara!
2. And olsun möminlərin canını rahatlıqla alanlara!
3. And olsun göydə üzdükcə üzənlərə!
4. And olsun ötdükcə ötənlərə!
5. And olsun buyruqları yerinə yetirənlərə!
6. O gün lərzəyə gələn lərzələnəcək,
7. onun ardınca təkrar lərzələnəcək.
8. Həmən gün qəlblər qorxudan tir-tir əsəcək.
9. Bu qəlb sahiblərinin gözləri məzlum görkəm alacaq.
10. Onlar deyirlər: "Yəni biz yenidən bundan qabaqkı halımıza döndəriləcəyik?
11. Sümüklərimiz çürüdükdən sonra?"
12. Onlar dedilər: "Belə olduğu halda bu, zərərli bir qayıdışdır".
13. O surun üfürülməsi təkcə qorxunc bir səsdir.
14. O vaxt onlar ləngimədən qəbirlərindən yerin səthinə çıxacaqlar.
15. Musanın hadisəsi sənə yetişdimi?
16. O zaman Rəbbi onu müqəddəs Tuva vadisində səsləyib demişdi:
17. "Fironun yanına yollan! O, həddini çox aşmışdır.
18. De: "Günahlardan xilas olmaq istəyirsənmi?
19. Səni Rəbbinə doğru yönəldimmi ki, Ondan qorxub çəkinəsən?"
20. Musa ən böyük möcüzəni Firona göstərdi.
21. O isə haqqı yalan sayıb üsyankar olduğunu göstərdi.
22. Sonra da üz döndərib fəsad törətməyə girişdi.
23. O, camaatını toplayıb onlara hündür səslə müraciət edərək
24. dedi: "Sizin ən uca rəbbiniz mənəm!"
25. Belə olduqda, Allah da onu dünya və Axirət əzabı ilə yaxaladı.
26. Həqiqətən, bunda Allahdan qorxanlardan ötrü işarə var.
27. Sizin yaradılışınız çətindir, yoxsa göyün? O, onu qurdu,
28. onun qübbəsini yüksəltdi və düzəldib kamilləşdirdi,
29. gecəsini qaranlıq edib, səhərini də nurlandırdı.
30. Sonra yeri döşəyib,
31. onda su və otlaq yaratdı,
32. dağları da yerə bərkitdi.
33. Bunlar sizin və mal-qaranızın faydalanmasından ötrüdür.
34. Ən böyük fəlakətin gəldiyi zaman –
35. o gün insan törətdiklərini xatırlayacaqdır.
36. Cəhənnəm isə hər görmə qabiliyyətliyə göstəriləcəkdir.
37. Kim həddi aşmışsa,
38. dünya həyatını axirətdən üstün bilmişsə,
39. həqiqətən, Cəhənnəm onun sığınacağı olacaqdır.
40. Ancaq kim Rəbbinin hüzuruna gələcəyindən qorxmuş və nəfsinə ehtirası yasaq etmişsə,
41. həqiqətən, Cənnət onun məskəni olacaq.
42. Səndən o Saat barəsində: "O nə vaxt qopacaq?"– deyə soruşurlar.
43. Sən onu haradan biləsən axı?!
44. Onu kamil bilmək sənin Rəbbinə aiddir.
45. Sən yalnız ondan qorxanı xəbərdar edənsən.
46. Onlar Qiyaməti gördükləri an dünyada yalnız bir axşam çağı və yaxud bir gündüz qədər yaşadıqlarını güman edəcəklər!