81. ət-Təkvir surəsi
"Sarınma" surəsi, 29 ayə,
Məkkədə nazil olub.
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
1. Günəş sarınacağı zaman,
2. ulduzlar soluxub sönəcəyi zaman,
3. dağlar hərəkətə gətiriləcəyi zaman,
4. boğaz dəvələr başlı-başına qalacaqları zaman,
5. vəhşi heyvanlar bir yerə toplanılacağı zaman,
6. dənizlər alovlanacağı zaman,
7. hər kəs öz tayına qovuşdurulacağı zaman,
8. diri-diri torpağa basdırılmış qız uşağı soruşulacağı zaman –
9. hansı günaha görə öldürülmüşdür;
10. səhifələr açılacağı zaman,
11. göy qopardılacağı zaman,
12. Cəhənnəm alovlandırılacağı zaman
13. və Cənnət möminlərə yaxınlaşdırılacağı zaman,
14. hər kəs bu gün üçün özünə nə tədarük etdiyini biləcəkdir.
15. And içirəm gecə çıxıb gündüz batan ulduzlara,
16. seyrə çıxıb gizlənən səyyarələrə,
17. qaralmaqda olan gecəyə,
18. və açılmaqda olan səhərə!
19. Həqiqətən, bu, möhtərəm Elçimizin sözüdür.
20. O elçi ki, qüvvətlidir, Ərşin sahibi yanında böyük hörmət sahibidir,
21. orada itaət ediləndir, etibarlıdır.
22. Sizin dostunuz Muhəmməd divanə deyildir.
23. O, Cəbraili aydın üfüqdə gördü.
24. O, qeybdən də xəsislik edən deyildir.
25. Bu Quran daşqalaq olunmuş şeytanın sözü də deyildir.
26. Elə isə ondan üz döndərib hara gedirsiniz?
27. Bu, aləmlərə yalnız bir nəsihətdir –
28. sizlərdən doğru yolda olmaq istəyənlər üçün.
29. Aləmlərin Rəbbi Allah istəməyincə, siz istəyə bilməzsiniz!