86. ət-Tariq surəsi
"Gecə yolçusu" surəsi, 17 ayə,
Məkkədə nazil olub.
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
1. And olsun səmaya və gecə yolçusuna!
2. Sən nə bilirsən ki, gecə yolçusu nədir?
3. Bu, qaranlıqları dəlib keçən ulduzdur.
4. Elə bir kimsə yoxdur ki, onun üzərində gözətçi olmasın!
5. Qoy insan nədən yaradıldığına bir baxsın!
6. O, süzülüb tökülən bir mayedən yaradılmışdır.
7. Bu maye bel və köks sümükləri arasından çıxır.
8. Şübhəsiz ki, Allah onu dirildib qaytarmağa qadirdir.
9. Sirlərin sınaqdan keçiriləcəyi gün,
10. onun nə bir qüvvəsi, nə də bir köməkçisi olar.
11. And olsun yağmurla qayıdan göyə!
12. And olsun növbənöv bitkilərlə yarılan yerə!
13. Həqiqətən, bu, haqqı batildən ayırd edən bir kəlamdır.
14. O, əyləncə də deyildir.
15. Həqiqətən, kafirlər hiylə qururlar.
16. Mən də hiylə qururam.
17. Kafirlərə hələ möhlət ver! Onlara bir az da möhlət ver.