Namaz qılmayan müsəlman Cəhənnəmdə əbədi qalacaqmı?
Və aleykum Salam. Böyük günah sahibi olan müsəlman Cəhənnəmdə cəzasını çəkdikdən sonra Cənnətə daxil olacaq. Amma buna arxayın olaraq namazı tərk etmək kimi böyük günahlar etmək kökündən səhvdir. Uca Allah buyurur: "Biz zalımlar üçün elə bir Od hazırlamışıq ki, onun divarları onları əhatə edəcəkdir. Onlar kömək dilədikdə əridilmiş metal kimi üzlərini qovuran bir su ilə kömək ediləcəkdir. Nə pis içkidir! Nə pis məskəndir!" (əl-Kəhf, 29).
"Onlar orada dişləri ağarmış vəziyyətdə durarlar". (əl-Mu’minun, 104).
"Onlar üçün dəmir toppuzlar da hazırlanmışdır. Onlar hər dəfə oradan çıxmaq, qəmdən qurtarmaq istədikdə yenidən oraya qaytarılacaq və onlara: "Dadın odun əzabını!"– deyiləcəkdir". (əl-Həcc, 21-22).
"Onlar əlləri qoynunda bağlı halda onun dar bir küncünə atıldıqları zaman ölüm diləyərlər. Onlara deyilər: “Bu gün özünüzə bir ölüm deyil, çoxlu-çoxlu ölümlər istəyin!" (əl-Furqan, 13).
Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) Cəhənnəm odunun dünyadakı oddan yetmiş dəfə güclü olduğunu demişdir. Müasir dövrümüzdə məşhur müsəlmanlardan biri günah etmək istəyərkən kibriti yandıraraq barmağına tutar və öz-özünə deyərdi: "Bu oda bir dəqiqə dözə bilmirsən, Cəhənnəm oduna necə dözəcəksən?!"
Onu da qeyd edək ki, alimlərdən az qismi bəzi hədisləri dəlil gətirərək haqq ona bəyan olduqdan sonra namaz qılmayanın Cəhənnəmdə əbədi qalacağını demişlər. Həmçinin oxuyun: Namaz qılmayan Cənnətə girə bilərmi?