Ata-anasını itirən insan haqqında
Aleykum salam. Uca Allah buyurur: "Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: "Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!"– deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır" (əl-Bəqərə, 155-157).
İslam alimləri bu ayəni dəlil gətirərək hər bir kəsin həyatda mütləq müəyyən bəla ilə imtahan olunacağını söyləmişlər. Bu ayədə Uca Allah bəlaların növlərini qeyd edir: 1. Qorxu, təlaş, narahatlıq. 2. Qıtlıq, aclıq. 3. Mal-dövlətin tələf olması. 4. İnsanın özünün xəstələnməsi və ya yaxın adamının xəstələnməsi, yaxud vəfat etməsi. 5. Məhsulun tələf olması.
Uca Allah bu ayədə "bir az" deməklə bu müsibətlərin tam olaraq gəlmədiyini xəbər verir. Uca Allah bu ayələrdə müsibətə səbir edənləri və "innə lilləhi və innə ileyhi raciun" deyənləri tərifləmiş, onlara öz mərhəmətini vəd etmiş və onların doğru yolda olduqlarını söyləmişdir. İnnə lilləhi - biz Allaha məxsusuq, bizi yaradan və bizim ixtiyar sahibimiz Allahdır, habelə biz Onun mülküyük. Allah Öz mülkiyyətində istədiyini edəndir. Bununla yanaşı O, bağışlayan və rəhm edəndir. Və innə ileyhi raciun - bu dünya həyatı müvəqqətidir, burada olan sıxıntılar və bəlalar da müvəqqətidir. İnsanın həyatının sona çatması ilə bu dünyada olan sıxıntıları və dərdləri də sona çatır. Hər bir kəs axirətdə Allahın hüzuruna qaytarılır və hər kəs orada canı hayına qalır. Əsl müsibət də məhz axirət günü cəhənnəmə daxil olaraq ən böyük ziyana uğramaqdır.
Həmçinin, bilmək lazımdır ki, insanın başına gələn bütün şeylər əzəldən Allah tərəfindən qədərinə yazılmışdır. Əgər insan başına gələn müsibətlərə səbir edərsə, Allahın razılığını və Cənnətini qazanar. Peyğəmbər demişdir: “Mükafatın böyüklüyü bəlanın böyüklüyünə görədir. Həqiqətən, Allah bir qövmü sevərsə, onlara bəla verməklə imtahan edər. Kim razı olarsa, Allahın razılığını qazanar. Kim qəzəblənərsə, Allah da ona qəzəblənər”. (ət-Tirmizi 2396).
Həmçinin, o demişdir: "Allah bir qulunu sevərsə, onu bəlalarla imtahan edər".
Bu hədislərdən göründüyü kimi Uca Allah müsibətlərlə sevdiyi bəndələrini imtahan edir. Sad ibn Əbu Vaqqas rəvayət edərək deyir: “Mən soruşdum: “Ey Allahın Elçisi, ən şiddətli bəlaya düçar olan insanlar kimlərdir?” O buyurdu: “Peyğəmbərlər, sonra onlara daha yaxın olanlar, sonra onlara daha yaxın olan insanlardır. İnsan dininə görə imtahan olunur. Əgər dinində möhkəmdirsə, imtahanı çətinləşir. Yox, əgər dinində zəifdirsə, Allah onu dininə görə imtahan edir. Qul yer üzərində günahsız gəzənədək bəla ona gəlməkdə davam edir”.
Həmçinin, bilmək lazımdır ki, müsibətlər insanı məhv etmək üçün deyil, onu təmizləmək və ona böyük mükafat qazandırmaq üçün gəlir. Peyğəmbər demişdir: “Uca Allah buyurur: “Mən mömin qulumun sevdiyi yaxın bir adamının canını aldıqdan sonra o buna (səbir edib axirətdə əvəzini alacağına) ümid edərsə, Mənim ona verəcəyim mükafat ancaq Cənnət olar”.