Müsəlmanın Ramazan ayında vəfat etməsi gözəl sonluğun əlamətindən sayılırmı?

    21.11.2016
Sual: 
Salam,Ramazan ayinda vefat etmek gozel bir seydir?yeni hemin insan mutleq cennete gedir?
Cavab: 

Və aleykum Salam. Quran və Sünnədə xüsusi fəzilət və Cənnətə girməsinə vəd, müsəlmanın Ramazan ayında vəfat etməsinə yox, saleh əməl üzərində dünyasını dəyişməsinə gəlib. Belə ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə buyurmuşdur: "Kimin son sözü "Lə iləhə illəllah" kəlməsi olarsa, Cənnətə daxil olar. Kim Allahın razılığını diləyərək bir gün oruc tutar və bu halda ölərsə, Cənnətə daxil olar. Kim Allahın rizasını diləyərək sədəqə verər və bu halda ölərsə, Cənnətə daxil olar". (İmam Əhməd, 22813). Həmçinin, buyurmuşdur: “Allah bir quluna xeyir istəyərsə, onu istifadə edər”. Soruşdular: “Necə istifadə edər, ey Allahın Elçisi?” O buyurdu: “Ölümdən qabaq onu yaxşı əməllər etməyə müvəffəq edər”. (İbn Hibban, 342). Ramazan ayı da oruc tutmaq, Quran oxumaq, namaz qılmaq, sədəqə və zəkat vermək, dua etmək və s. bu kimi xeyirli əməlləri çoxaltmaq üçün gözəl bir fürsətdir. Saleh əməl də insanın Cənnətə girməsinə səbəbdir. Necə ki, Uca Allah buyurur: "O kəslər ki, tər-təmiz olduqları halda, mələklər onların canını alıb deyirlər: “Sizə salam olsun! Əməllərinizə görə Cənnətə girin!” (ən-Nəhl, 32); "Mömin olaraq yaxşı iş görən kişi və qadınlara əlbəttə gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq". (ən-Nəhl, 97).

Teqlər: 
Paylaş: