Zöhr namazı qəzaya düşəndə birinci Zöhr, yoxsa Əsr qılınmalıdır?
Salam aleykum. İslam alimlərinin əksəriyyətinin rəyinə görə namazların arasındakı tərtibat (ardıcıllıq) vacibdir. Buna dəlil isə səhih bir hədisdə Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) Xəndək döyüşündə dörd vaxt (zöhr, əsr, məğrib, işa) namazın qəzasını ardıcıllıqla qılması rəvayətidir. Digər bir rəvayətdə isə buyurulur ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) Əhzab günü namazların vaxtını ötürdü, sonra isə vaxtlarını ötürüdüyü namazları (əsr, məğrib, işa) tərtibatla qıldı. Buna görə də belə vəziyyətdə siz də əvvəlcə Zöhrü, sonra isə Əsri qılmalısınız. Əgər camaatla qılası olsanız, bu zaman siz onlara Zöhr niyyətilə qoşulacaqsınız. Salam verib namazı bitirdikdən sonra isə bir kənara çəkilib ayrıca Əsri qılacaqsınız. Bu hökm eynilə digər qəzaya qalan namazlara da şamil olunur. Sadəcə burada bir məsələ var ki, əgər Əsri qəza etmiş olsanız və görsəniz ki, camaat Məğribi qılır, siz yenə də onlara Əsr niyyətilə qoşulacaqsınız. Və onlar namazı qılıb qurtardıqda, siz salam vermədən dördüncü rükətə qalxıb beləcə namazı tamamlayıb salam vercəksiniz. Və sonra da bir kənara çəkilib Məğribi qılacaqsınız. Sünnət namazlarına gəldikdə isə, yenə də əvvəlcə ilk dörd rükət sünnət, sonra da son iki rükət sünnət qılınır. Həmçinin burada bir istisna halı da deyək ki, əgər Əsrin də qəzaya düşmək ehtimalı varsa, bu zaman birinci Əsri qılmaq lazımdır. Uca Allah daha doğru bilir!