Evlənməmək günahdırmı?
Sual:
salam maleykum xais edirem sualima cavab vererdiz .Evlenmemek gunahdirmi? yeni men evlenmek istemirem gunah qazanirammi ? indiden tesekkurler.
Cavab:
Və aleykum salam. Zəruri, üzrlü səbəb olmadan evlənməmək Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) əmrinə ziddir. Ənəs ibn Malik (Allah ondan razı olsun) demişdir: "(Bir dəfə) üç nəfər Peyğəmbərin (salləllahu aleyhi və səlləm) evinə gəlib onun əhli-əyalından Peyğəmbərin (salləllahu aleyhi və səlləm) ibadəti barəsində soruşdu. Bu haqda onlara xəbər verildikdə onlar (etdikləri ibadətin) az olduğunu güman edib belə dedilər: "Yəni biz Peyğəmbər (salləllahu aleyhi və səlləm) kimi ola bilərikmi? Üstəlik Allah onun bütün keçmiş və gələcək xətalarını bağışlamışdır". Onlardan birisi dedi: "Mən bütün gecələri ibadət edəcəyəm, yatmayacağam”. O birisi dedi: “Mən il boyu oruc tutacağam, (gündüzlər) yemək yeməyəcəyəm". Üçüncüsü dedi: "Mən qadınlara yaxın durmayacağam, heç vaxt evlənməyəcəyəm". Peyğəmbər (salləllahu aleyhi və səlləm) bunu eşidəndən sonra onların yanına gəlib dedi: "Filan, filan sözləri sizmi demisiniz?! Vallahi ki, aranızda Allahdan ən çox qorxanınız mənəm. Bununla belə mən bəzən oruc tutur, bəzən də tutmuram, gecənin bir vaxtını namaz qılır, digərində isə dincəlirəm və nəhayət, mən qadınlarla evlənirəm. Belə olduğu halda mənim yolumdan çıxan kimsələr məndən deyildirlər". (əl-Buxari, 5063).
Abdullah ibn Məsud (Allah ondan razı olsun) demişdir: "Biz Peyğəmbərlə (ona və ailəsinə Allahın salavatı və salamı olsun) birlikdə olarkən o belə buyurdu: "Qoy evlənməyə imkanı olan (hər kəs) evlənsin. Çünki evlilik, gözləri və cinsiyyət üzvünü (zinadan) qoruyan ən yaxşı (səbəbdir). İmkanı olmayanlar isə oruc tutsunlar. Çünki oruc (insanın) şəhvətini soyudur". (əl-Buxari, 1905).