Cənnətdə namaz qılınacaqmı?
Salam aleykum. Namaz yalnız bu dünyada olanlara vacibdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: "Cənnətin sakinləri orada yeyib-içərlər, lakin sidik və nəcis ifraz etməz və tüpürməzlər". Soruşdular: "Bəs onların yedikləri necə çıxacaq?" Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Gəyirmək və müşk qoxusu olan tər ilə. Nəfəs aldıqları kimi onlara rahatlıqla "təsbih" (Subhənəllah), "təhmid" (Əlhəmdulilləh) və "təkbir" (Allahu Əkbər) etməyə ilham veriləcək". (Muslim, 7331).
Alimlər bu hədisi şərh edərkən belə demişlər: "...Bu əməl (Cənnət əhlinin Uca Allahı zikr etmələri) onlar üçün mükəlləfiyyət və ya məcburiyyət baxımından yox, sadəcə onlar üçün bu kimi zikrləri etmək nəfəs almaq kimi rahat olacaq. Sanki onların nəfəs almaları bu zikrləri söyləməklə olacaq. Bunun səbəbi isə odur ki, onların qəlbləri Uca Allahı tanımaqla daha da nurlanacaq və onun sevgisilə dolub daşacaq. Onlar üçün ən sevimli şey hər dəfə Uca Allahı yad etmək olacaq. Uca Allahı yad etmək onlar üçün Cənnət nemətlərindən bir nemət olacaq ki, onlar bunu etməklə nəfəs aldıqları kimi bundan xüsusi bir həzz və ləzzət alacaqlar...".
Digər bir rəvayətdə isə Cənnətə girən ilk zümərinin vəsfilə bağlı səhih bir hədisdə Əbu Hureyrə (Allah ondan razı olsun) nəql edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: "(Cənnət əhli) aralarında ixtilaf və bir-birilərinə nifrət yoxdur. Qəlbləri bir tək kişinin qəlbi kimidir. Onlar orada səhər-axşam (Uca Allahı) təqdis edib Onun şəninə təriflər deyərlər". (əl-Buxari, 3327; Muslim, 2834).