Ey Rəbbimiz...
Uca Allah buyurur: "Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də iman gətirdilər. Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. Onlar dedilər: "Biz Onun elçiləri arasında fərq qoymuruq!" Onlar dedilər: "Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!"
Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı xeyir yalnız onun özünə, qazandığı şər də yalnız öz əleyhinədir. "Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!" (əl-Bəqərə, 285-286)
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) uzun bir hədisin sonunda buyurur: “Möminlər bu ayəni (Bəqərə, 286) oxuduqda, hər dəfə: “Ey Rəbbimiz!...”- deyə dua edib Allaha xitab etdikdə, O: “İstədiyinizi sizə verdim!”- deyə cavab verir”. (Muslim, 125, 344).
Numan ibn Bəşir (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Həqiqətən, Allah göyləri və yeri yaratmamışdan iki min il əvvəl bir kitab yazmışdır. Allah ondan iki ayə nazil edərək bunlarla “əl-Bəqərə” surəsini xətm etmişdir. Bu ayələr üç gecə evdə oxunmazsa, şeytan həmin evə yaxınlaşar”. (ət-Tirmizi, 2882).
Əbu Məsud əl-Bədri (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Hər kim gecə “əl-Bəqərə” surəsinin son iki ayəsini oxuyarsa, bu, ona kifayət edər”. (əl-Buxari, 4008).
Uqbə ibn Amir (Allah ondan razı olsun) demişdir: “Allah Elçisini (ona Allahın salavatı və salamı olsun) minbərin üzərində ikən belə buyurduğunu eşitdim: “əl-Bəqərə” surəsinin axırıncı bu iki ayəsini oxuyun! Həqiqətən, Uca Rəbbim onları mənə Ərşin altından vermişdir”. (İmam Əhməd, 17481).
Əbu Zərr (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) demişdir: “Mənə Ərşin altındakı xəzinədən “əl-Bəqərə” surəsinin son (iki ayəsi) verildi. Bunlar məndən qabaq heç bir peyğəmbərə verilməmişdir”. (İmam Əhməd, 21604).