Özünü partladaraq dinc insanları öldürən hansı günahları daşıyır?
Sual:
Assalamu aleykum. Allah sizdən razı olsun. Elminizə bərəkət versin. Sualları ətraflı və dəlillərlə cavablandırdığınıza görə bu saytı çox bəyənirik. Sualım ondan ibarətdir ki, İslamda özünü partlatmaq yolu ilə başqalarını öldürməyə necə baxılır? Xahiş edirik, ətraflı məlumat verərdiz.
Cavab:
Və aleykum Salam. Özünü partladaraq başqalarını və özünü öldürməyin İslam dinilə heç bir əlaqəsi yoxdur. Bunu 20-ci əsrin sonlarında kafirlərə xidmət edən xəvariclər (radikal qruplaşmalar, terrorçular) ortaya çıxarıblar. Diqqət edin, Uca Allah özünə qəsd etməyi qadağan edir, bu kimi əməlləri icra edən terrorçular isə özünü partladanın şəhid olmasına və həmin insanın Cənnətə getməsinə camaatı inandırmağa çalışırlar. Hətta özlərinə bağladıqları partlayıcıya "şəhid kəməri" adını veriblər. Bu murdar əməl xainlik sayılır, çünki bunu icra edənlər heç nədən xəbəri olmayan insanların arasına hiylə ilə girir, özlərini partladaraq intihar edir və başqalarını da öldürürlər. Bu əməl Cəhənnəm əzabına aparan bir neçə böyük günahı özündə birləşdirir:
- Uca Allah özünə qəsd etməyi haram etmişdir: "Özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir!" (ən-Nisə, 29); "Öz əlinizlə özünüzü təhlükəyə atmayın...". (əl-Bəqərə, 195).
- Bu hadisələrdə müsəlmanlar qətlə yetirilirlər. Uca Allah buyurur: "Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir...". (ən-Nisə, 93).
- Kafir də olsa, müsəlman dövlətinin onun təhlükəsizliyinə zəmanət verdiyi şəxsi öldürmək də böyük günahdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Əhd bağlayan kimsəni öldürən Cənnətin iyini duyan deyildir...". (əl-Buxari, №: 2995, 3166, 6516; ət-Tirmizi, 4/20, №: 1403; İbn Məcəh, 2/896, №: 2686-2687; İbn Hibban, 11/298, №: 4881, 16/391-392, №: 7382, 7392).
- Əmin-amanlığı pozmaq və fitnə-fəsad yaymaq. Uca Allah buyurur: "Fitnə salmaq qətl törətməkdən daha betər günahdır". (əl-Bəqərə, 217).
- Müsəlmanların mal-dövlətini tələf etmək. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) Arafə günü xütbə verərkən bunu bir daha təkid etmiş və belə demişdir: "...Sizin qanınız, malınız və namusunuz bir-birinizə haramdır. Siz haram yerdə, haram ayda və haram gündə olduğunuz kimi, bu da sizə haramdır...". (əl-Buxari, 67; 4406; Muslim, 4477, 4478; ən-Nəsəi, 4077; İbn Məcəh, 3058).
Həmçinin, oxuyun: İntihar etməyin günahı haqqında