Ailə üzvlərindən Cəhənnəmə düşən kəsləri görən adam Cənnətdə necə rahat olacaq?

    30.03.2017
Sual: 
Salam. Bir insan cennete dusende aile uzvleri cennete dusmeyibse o orda nece rahat olar?
Cavab: 

Və aleykum Salam. Qiyamət dəhşətli bir gündür. O gün hər bir insan öz canının hayında olacaq. Uca Allah buyurur: "Qulaqbatırıcı bir səs gələndə – o gün insan qaçacaq öz qardaşından, anasından, atasından, arvadından və övladlarından! O gün onlardan hər birinin yetərincə işi olacaqdır". (Əbəsə, 33-37).

O gün insanlar arasında qohumluq əlaqəsi kəsiləcək. Uca Allah buyurur: "Sur üfürüləcəyi gün onların aralarında qohumluq əlaqəsi olmayacaq və onlar bir-birindən hal-əhval tutmayacaqlar". (əl-Mu'minun, 101). Yəni, insanlar bir-birini tanısalar da bir-birinə heç bir yardım edə bilməyəcəklər. O gün insanlar arasında hökm veriləcək və onlar iki dəstəyə ayrılacaq. Möminlər cənnətə, kafirlər isə cəhənnəmə girəcəklər. Möminlər Allahın hökmünə razı qalaraq cənnətdə xoşbəxt həyat sürəcək və heç bir narahatlıq hissi keçirməyəcəklər. Axirət həyatı dünya həyatından, eləcə də axirətin meyarları dünyadakından tamamilə fərqlənir. Dünyada Uca Allah insana ailə, övladlar, qohum-əqraba bəxş edir və bu, dünyadakı həyatın atributlarından sayılır. Axirətdəki meyar isə insanın mömin və ya kafir olması ilə müəyyən ediləcək. Ona görə də cənnətə daxil olan mömin adam cəhənnəmə düşən yaxınlarına qarşı dünyada bəslədiyi mərhəmət və sevgi hisslərindən azad olacaq. Uca Allah cənnət əhli barəsində belə buyurur: "Onlar Ədn bağlarına daxil olacaq, orada qızıl bilərziklərlə və incilərlə bəzədiləcəklər. Libasları da ipəkdən olacaqdır. Onlar deyəcəklər: "Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun! Həqiqətən, Rəbbimiz Bağışlayandır, şükürün əvəzini verəndir. Öz lütfü ilə bizi əbədi iqamətgahda yerləşdirən Odur. Orada bizə nə bir yorğunluq üz verəcək, nə də bir üzgünlük toxunacaqdır!" (Fatir, 33-35).

Onlar həmçinin, Allahın ədalətlə hökm verdiyini və hər kəs nəyə layiqdirsə, onu əldə etdiyinin şahidi olacaqlar: "De: "Rəbbimiz hamımızı bir araya toplayıb sonra da aramızda ədalətlə hökm verəcəkdir. O, ən ədalətli Hakimdir, Biləndir". (Səba, 24-26).

Teqlər: 
Paylaş: