Nə üçün kişiyə ətirlənib çölə çıxmaq icazəlidir, qadına isə yox?

    24.03.2017
Kimdən: 
Yusufun atası
Sual: 
Əs Salamu Aleykum. Qadınlara ətir vurub çölə çıxması haramdı.Bəs kişilərə necə?İstədikləri qədər ətirlənib çölə çıxa bilərlər? Əgər bilərlərsə səbəbin yazardız zəhmət olmasa.
Cavab: 

Və aleykum Salam. Ətir vurmaq icazəlidir və Peyğəmbər (salləllahu aleyhi və səlləm) ətir vurmağı çox sevərdi. Ancaq kişinin bununla niyyəti naməhrəm qadınlara qarışaraq onları özünə cəlb etmək və digər haram əməllərə nail olmaqdırsa, niyyətinə görə günah qazana bilər. Qadınlara da məhrəmlərin yanında, həmçinin digər qadınların yanında ətir vurmaq olar. Amma qadın kişidən fərqli olaraq zərif, incə və zahirən cəlbedici yaradıldığına görə küçəyə çıxarkən yad kişilərin yanından keçəcəksə və ya onlar olan yerə gedəcəksə, ətirlənməsi icazəli deyil, çünki qadın bununla yad kişilərin diqqətini daha da özünə cəlb edə bilər. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Hər göz yad bir qadına baxıb göz zinası etmişdir. Bir qadın da gözəl ətirlər vurub kişilərin yanından keçsə, o da eynilə baxan kişilər kimi zina etmişdir". (ət-Tirmizi, 2786). Digər hədislərdə buyurulur: "Kişilərin vurduqları ətrin iyi məlum olur, amma rəngi olmur. Qadınların ətrinin isə rəngi olur, amma iyi başqaları (kişilər) tərəfindən başa düşülməz olmalıdır". (ət-Tirmizi, 2787; ən-Nəsəi, 5117; Əbu Dəvud, 2174); "Kişilərə məxsus gözəl ətirlərin ən yaxşısı iyi açıq, rəngi gizli olandır. Qadınların ətirlərinin ən yaxşısı isə rəngi açıq olan, görünən və iyi ətrafa yayılmayandır". (ət-Tirmizi, 2788).

Teqlər: 
Paylaş: