Qusəm ibn Abbas haqda məlumat verə bilərsinizmi?

    07.05.2017
Kimdən: 
İlkin
Sual: 
Salam aleykum.Küsəm bin Abbas haqqında məlumat yazsanız sevinərdim.Harada doğulduğu və harada vəfat etdiyi.deyilənə görə peyğəmbərimizə ən son toxunan şəxs olub.onun haqda geniş məlumat verin zəhmət olmasa.Bir də türklər İmam Buxarinin türk olduğunu söyləyirlər.və digər hədis alimlərinin İmam Muslim,Tirmizi,Əbu Davud və s.lər onlar həqiqətənmi türk olublar?
Cavab: 

Va aleykum Salam.

1. Qeyd etdiyiniz səhabənin adı Kusəm yox, Qusəmdir (Allah ondan razı olsun). Kunyəsi (ləqəbi) Qusəm ibn Abbas ibn Abdulmuttalib əl-Həşim ibn Abdu Mənafdır. Haşimi qəbiləsindədnir. Mənbələrdə bu sahəbə ilə bağlı az məlumat verilib. Qusəm ibn əl-Abbas (Allah ondan razı olsun) Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) əmisi Abbas (Allah ondan razı olsun) və Allah Rəsulunun (salləllahu aleyhi və səlləm)zövcəsi Xədicədən (Allah ondan razı olsun) sonra müsəlman olan ilk qadın səhabə Ummul-Fadl Lubəbə əl-Kubra bint əl-Haris ibn Həzn əl-Hiləliyyənin (Allah ondan razı olsun) oğludur. Qusəmin anası Peyğəmbərimizin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) xanımlarından olan Məymunənin (Allah ondan razı olsun) bacısıdır. Orta Asiyaya gedib İslamı təbliğ edənlərin ilklərindəndir. Qusəm eyni zamanda Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) adlarından biri olub, bu ad "hər xeyiri özündə toplayan" mənasını verir. Huseyn ibn Əli (Allah ondan razı olsun) ilə süd qardaşı olan Qusəmin uşaqlığı və ilk həyatı ilə bağlı çox məlumat yoxdur. Bu səbəbdən də doğum tarixi dəqiq bilinmir. Rəvayətə görə Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) insanlar arasında özünə daha çox bənzədilən Qusəmi yoldaşlarıyla oynayarkən görmüş və miniyinin arxasına mindirmişdir. Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) vəfatında Qusəm, cənazənin yuyulmasına köməkçi, daha sonra qəbrinə qoyulmasında yardımçı olmuş və qəbirdən də ən son özü çıxmışdır. Bu səbəbdən də Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) cəsədini son dəfə görən və Ona toxunan ən son adam o olmuşdur. Qusəm yaşının kiçik olması səbəbilə dörd xəlifənin dövründə və Əməvilərin ilk illərini görüb yaşamışdır. Ancaq, ilk üç xəlifə dövründə hər hansı bir rəsmi vəzifədə olmadığı hesab olunur. Yalnız Əlinin (radıyəllahu anhu) xəlifəliyinin son illərində təyin olunduğu vəzifədə Əlinin (Allah ondan razı olsun) vəfatına qədər Əbu Qatədə əl-Ənsaridən (Allah ondan razı olsun) sonra Məkkənin 17-ci valisi olmuşdur. Bir müddət Mədinə valisi vəzifəsini daşıdığı da tarixi mənbələrdə xəbər verilmişdir. Həmçinin, Məkkə valiliyi xaricində həcc idarəsində də rəhbərlik (hirci 38, miladi 658) etmiş və özünə həvalə edilən mövzularda fətva vermişdir. Muaviyənin dövründə Yezid ibn Şəcrə ər-Ruhavinin Əməvilər tərəfindən həcc əmiri (hirci 39, miladi 659) olaraq təyin olunmasına qarşı çıxan Qusəm, bu şəxsin yerinə başqasının vali təyin edilməsini istəmişdir. Beləliklə də Əbu Səid əl-Xudrinin (Allah ondan razı olsun) məsləhəti ilə həcc idarəsinin rəhbərliyi vəzifəsinə Şeybə ibn Osman gətirilmişdir. Həmçinin, Peyğəmbərimizdən (salləllahu aleyhi və səlləm) olduqca az hədis rəvayət edən bir səhabə olmuşdur. Peyğəmbərdən (salləllahu aleyhi və səlləm), atasından, qardaşı əl-Fadl və Talha ibn Ubeydullahdan bir neçə hədis rəvayət etmiş və Qusəmin özündən də Həni ibn Həni, Abdul-Məlik ibn Muhəmməd ibn Amr və Əbu İshaq əs-Səbi rəvayətlər etmişlər. Qusəm Muaviyənin xilafəti dövründə Xorasan valisi olan Səid ibn Osman ibn Affanın (Allah ondan razı olsun) rəhbərlik etdiyi qüvvələrlə birlikdə Xorasan ətrafındakı bəzi fəthlərdə iştirak etmiş və burada gedən döyüşlərdə böyük bir qəhrəmanlıq göstərmişdir. Bu müvəffəqiyyəti və cəsarətinin qarşılığında özünə çoxlu qənimət verilməsi təklifini qəbul etməmişdir. Habelə Əli ibn Əbu Taliblə birlikdə "Cəməl", "Sıffeyn", Nəhrəvan" və s. kimi bir çox döyüşlərdə iştirak etmişdir. Rəvayətlərə görə (hicri 56-57, miladi 675-676) illərində fəzilət və təqva sahibi olan Qusəm Səmərqəndin fəthi uğrunda gedən döyüşlərdə şəhid olmuş, orada dəfn edilmişdir və məzarı hələ də oradadır. Bəzi tarixi mənbələrdə Mərvdə vəfat etdiyi də bildirilmişdir. Səmərqəndlilər arasında "şahı zənd" (yaşayan sultan) olaraq xatırlanan Qusəmin məzarına Babur dövründə "Məzarşah" adı verilmişdir. (əl-Buxari "ət-Tərixul-Kəbir" 7/194; İmam Əhməd, 1/101, 205, 260; İbn Məcəh, "Cənəiz", 65; İbn Həcər "əl-İsabətu fi Təmyizi-Sahəbəti", 3/ 245; İmam əz-Zəhəbi "Siyəru aləmun-nubələi" 3/440-442; ət-Tabəri, "Tarix", 2/523-524, 5/140).

2. Tarixi mənbələrdə əl-Buxarinin, ət-Tirmizinin və Muslimin fars mənşəli, Əbu Davudun (Allah onlara rəhmət etsin) isə İranın Sicistan vilayətindən olması bildirilir.

Teqlər: 
Paylaş: