Qəza və Qədər nə deməkdir?
Aleykum salam. Qəza və qədər nə deməkdir?
Ərəb dilində "qəza" hökm, son qərar deməkdir. İstilahi mənada isə qəza Uca Allahın bu aləmdə verdiyi qərara deyilir. Qədər sözü isə ərəb dilində "qədərə" felindən əmələ gəlmiş məsdərdir və bir şeyin miqdarını təyin etməyə deyilir. İstilahi mənada isə qədər, Uca Allahın Öz əzəli elmi sayəsində əzəldən məxluqatı üçün müəyyən etdiyi müqəddəratdır.
Qəza və qədər arasındakı fərq nədir?
Alimlər qəza ilə qədər arasındakı fərqi belə izah etmişlər: qədər bir şey baş verməmişdən öncə onun müqəddəratını təyin etməyə deyilir. İşi bitdikdən sonra isə ona qəza deyilir. Əbu Hatim qəza ilə qədərin arasındakı fərqi izah edib demişdir: "Qədər – dərzinin bir libası tikməmişdən öncə onu təxmin etməsinə deyilir. Onu dəqiqliklə ölçüb-biçib, tikib hazırladıqda bu artıq qəza sayılır. Beləliklə də qədər qəzadan öncə baş verir. İbn Əsir demişdir: "Qəza və qədər bir-biri ilə sıx bağlılığı olan, ayrılmaz iki məfhumdur. Qədər bir binanın özülü kimidir, qəza isə binanın özü kimidir. Bu iki şeyi bir birindən ayıran binanı tarimar etmiş olar".
Qəza və qədər kəlimələri yanaşı işləndikdə fərqli mənada, ayrı-ayrılıqda işləndikdə isə eyni mənanı ifadə edirlər.