İslamda bayraq rəmz kimi istifadə edilibmi?
Və aleykum Salam. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) dövründə bayraq İslam dövlətinin rəmzlərindən olmuşdur. İslam dövlətinin dördkünc formada iki bayrağı olmuşdur. Birincisi, ağ rəngdə, üzərində qara hərflərlə "Lə iləhə illəllah, Muhəmmədən Rasulullah" yazılmış, ikincisi isə qara rəngdə, üzərində ağ hərflərlə "Lə iləhə illəllah, Muhəmmədən Rasulullah" yazılmış və yundan toxunmuş bayraq idi. Döyüşlərdə bayrağın dik tutulması ordunun məğlub olmamasını bildirirdi. Ona görə də bayrağı tutan səhabə şəhid olduqda başqası onun əvəzinə bayrağı saxlayardı. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) Muta döyüşü haqda demişdir: "Zeyd bayrağı götürdü, şəhid oldu, sonra Cəfər ibn Əbu Talib onu götürdü, o da şəhid oldu, sonra Abdullah ibn Rəvaha onu götürdü, o da şəhid oldu". Bunu deyəndə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) gözləri yaşla doldu (və o davam edib dedi): "Sonra Xalid ibn Vəlid (heç kəsdən) əmr almadan onu götürdü və ona zəfər nəsib oldu". (əl-Buxari, 1246). Rəvayət edilir ki, bu döyüşdə Həzrəti Əlinin qardaşı Cəfər ibn Əbu Talib (Allah onlardan razı olsun) hər iki qolunun kəsilməsinə baxmayaraq, bayraq yerə düşməsin deyə kəslimiş qolları ilə sinəsinə sıxıb şəhid olana qədər saxlamışdır. Həmçinin, rəvayət edilir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) Məkkənin fəthi günü şəhərə ağ bayraqla girmişdir.