Həyat yoldaşımın nənəsinə baxmasam günah qazanıram?
Aleykum salam. Şəriətə görə ərli qadının vəzifəsi yalnız öz ərinə baxmaq, ona itaət etmək, ərinə qulluq edib xidmətində durmaqdır. Həmçinin, ananın öz övladlarına baxmasıda bura daxildir. Lakin Allah rizası üçün səbr edərək könüllü şəkildə qadının həyat yoldaşının valideynlərinə və ya digər yaxınlarına baxması, qulluq etməsi çox böyük savabdır. Bir də ki insan bir kəsə yaxşılıq etdikdə onun əvəzini insandan yox, Allahdan gözləmələdir. Yəni etdiyi yaxşılığın müqabilində təşəkkürü və ya minnətdarlığı onu yaradan hər şeyin əvəzini verən Uca Rəbbindən diləməlidir. Bu barədə Qurani Kərimdə belə buyurulur: "Onlar (Cənnətə nail olacaq möminlər) elə kimsələrdirlər ki, verdikləri sözü (etdikləri nəziri) yerinə yetirər və dəhşətli (aləmi) bürüyəcək (şəri hər tərəfə yayılacaq) gündən (qiyamət günündən) qorxarlar. Onlar öz iştahaları çəkdiyi (özləri yemək istədikləri) halda (və ya: Allah rizasını qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. (Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər:) "Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən (bu ehsan müqabilində) nə bir mükafat, nə də bir təşəkkür istəyirik. Həqiqətən, biz Rəbbimizdən, çox sərt (müdhiş), çətin gündən (üzlərin dəhşətdən eybəcər kökə düşəcəyi, çöhrələrin tutulub qaralacağı qiyamət günündən) qorxuruq!" Allah da onları o günün şərindən qoruyacaq, onlara gözəllik və sevinc bəxş edəcəkdir (üzlərinə təravət verəcək, qəlblərini sevindirəcəkdir). Və onları etdikləri səbr müqabilində Cənnətlə və (geyəcəkləri) ipəklə mükafatlandıracaqdır". (əl-İnsən, 7-12).
Həmçinin, dinimizə görə qocalara, yaşlı nəslin nümayəndələrinə hörmət etmək önəmli məsələdir. İslamda böyüklərə hörmət, kiçiklərə sevgi və mərhəmət bir əsasdır. Xüsusilə müsəlman qocalara hörmət göstərmək lazımdır. Dinimiz yaşlı insanlara qayğı və hörmət göstərməyi tövsiyə etmişdir. Çünki hədislərdə deyilir ki, yaşlıların sayəsində insanın ruzisi və ömrü artır və yenə yaşlılara görə Uca Allah gənclərdən köməyini əsirgəmir. (ət-Tirmizi, 24; Əbu Dəvud, 70).
Peyğəmbər (salləllahu əleyhi və səlləm) buyurub: "Bir gənc bir qocaya yaşlı olduğuna görə hörmət edərsə, Uca Allah da o yaşlananda ona hörmət edən insanlar xəlq edər". (ət-Tirmizi: "Birr", 15; Əbu Dəvud: "Ədəb". 58). Bu hədisi-şərif qocalara hörmət edən gənclərin savab qazanacağını və çox yaşayacağını bəyan edir. Qocaları yük kimi görən gənclər bu barədə bir az düşünməlidirlər. Digər bir hədisdə hədisdə deyilir ki: "Kiçiklərinə şəfqət etməyən, böyüklərinə dəyər verməyən və hörmət göstərməyən bizdən deyildir". (ət-Tirmizi: "Birr", 15; Əbu Dəvud: "Ədəb", 58). Bir başqa hədisdə isə belə deyilir: "Yaşlılarımıza hörmət və ikram, Uca Allaha hörmətdəndir". (əl-Buxari). Həmçinin oxuyun: Qaynanamla yola getmirəm, nə edim?