Süleyman peyğəmbərin hikməti

    16.02.2014

      Uca Allah Qurani Kərimdə Süleyman peyğəmbərin hikməti haqqında buyurur: “Davudu və Süleymanı da yada sal! Bir zaman onlar özgə adamların qoyunlarının girib zay elədiyi bir əkin sahəsi barəsində hökm vermişdilər. Biz onların hökmünə şahid idik. Biz o hökmü Süleymana anlatdıq. Hər ikisinə hökmranlıq (peyğəmbərlik) və elm bəxş etdik. Biz dağları və quşları Davudla birlikdə Allahı tərifləmələri üçün ona ram etdik. Bunları Biz etdik" (əl-Ənbiyə, 78-79).
      Allahın hökmünə müvafiq hökm verməsinə görə Uca Allah onu və atası Davudu tərifləmişdir. İslam alimləri bu hadisə haqqında deyirlər ki, bu adamların üzüm tingi var idi. Başqa birinin qoyunları isə gecə vaxtı ora girib tingi tamamilə yemişdi. Onlar bu iş barəsində Davuda müraciət etdilər. O da üzüm sahibinə yeyilən üzümün dəyərinin ödənilməsi qərarını verdi. Sonra onlar Süleymanın yanına gəldilər və o dedi: “Allahın peyğəmbəri sizə nə hökm kəsdi?” Onlar olanı ona xəbər verdilər. O dedi: “Amma mən olsaydım, qoyun sahibi üzümləri əvvəlki vəziyyətə gətirənə qədər qoyunların südündən və balasından xeyir görmək şərti ilə qoyunların üzüm sahibinə verilməsinə qərar verərdim. Üzümləri bərpa edəndən sonra isə qoyunları öz sahibinə qaytarardılar”. Bu xəbər Davuda çatanda o da bu hökmlə qərar verdi.
      Həmçinin, onun hikmətinə dair rəvayət olunur ki, Muhəmməd peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “İki qadın və bu qadınların hər birinin bir uşağı var idi. Birdən bir canavar gəlib onlardan birinin uşa­ğını apardı. Rəfiqəsi ona dedi: “Canavar sənin uşağını apardı.” O biri qadın dedi: “Xeyr, o sənin uşağını apardı.” Sonra da mühakimə olunmaq üçün Da­vuda müraciət etdilər. Davud hökmü yaşca böyük olan qadının lehinə kəs­di. Sonra bu qadınlar Süleymanın yanına gəlib məsələdən onu agah et­di­lər. Süleyman buyurdu: “Mənə bıçaq gətirin, onu bunların arasında iki yerə bölüm.” Bunu eşidəndə yaşca kiçik olan qadın dedi: “Eləmə bunu, Allah sənə rəhm etsin, uşaq onundur.” Beləliklə, Süleyman uşağın yaşca kiçik qa­dı­na aid olduğuna hökm verdi.” (əl-Buxari, 3427).
 

Paylaş: