Mələklərin həya etdiyi səhabə - Osman ibn Affan haqqında
Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) yaxın dostu və kürəkəni, Uca Allah tərəfindən sağlığında cənnətlə müjdələnmiş on nəfərdən biri, İslamın üçüncü xəlifəsi Osman ibn Əffan təxminən 576-cı ildə Məkkə şəhərində anadan olmuşdur. Peyğəmbərin qızı Ruqayyə ilə evlənmiş, o vəfat etdikdən sonra digər qızı Ummu Gülsümü aldığı üçün Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) ona Zin-Nureyn (iki nurun sahibi) ləqəbini vermişdir.
İslam üçün gördüyü işlər
Osman ibn Affan Peyğəmbərin digər yaxın dostu Əbu Bəkrin dəvəti ilə İslamı qəbul etmiş ilk on müsəlmandan biridir. O, 34 yaşında islam dinini qəbul etmiş və Həbəşistana hicrət etmiş ilk müsəlmanlardan olmuşdur. Bir çox döyüşlərdə iştirak etmiş, malı və canı ilə İslam dininə yardım etmişdir. Xəlifə Ömər şəhid olduqdan sonra, səhabələrin şurası tərəfindən xəlifə seçilmişdir. O, 11 il 11 ay xəlifə olmuş və İslam üçün bir çox xeyirli işlər görmüşdür:
Dəniz donanmasını yaratmışdır.
Fars imperiyasının qalan hissəsini, Nil çayının Nobə diyarını və Məğribi fəth etmişdir.
Quranı kitab halına salmışdır.
Hicrətin 35-ci il Zil-Hiccə ayının 18-i cümə günü Osman (Allah ondan razı olsun) evində Quran oxuduğu zaman xavariclər zorla onun evinə girmiş və qılıncla vurub şəhid etmişlər.
Osmanın fəzilətinə dair sübutlar:
Uzun bir hədisdə rəvayət edilir ki, Əbu Musa əl-Əşari (Allah ondan razı olsun) demişdir: “… bir dəfə Osman ibn Əffan (Allah ondan razı olsun) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına daxil olmaq üçün izn istədi. Mən bunu Peyğəmbərə (salləllahu aleyhi və səlləm) çatdırdıqda, o dedi: “İzn ver gəlsin və onu cənnətlə müjdələ!” (əl-Buxari, 3674).
Uca Allah buyurur: “Əgər ona qarşı bir-birinizə dəstək versəniz, bilin ki, Allah, Cəbrail və əməlisaleh möminlər onun dostu və yardımçısıdır. Bunlardan başqa mələklər də onun yardımçılarıdır”. (ət-Təhrim 4). İbn Abbas, İbn Məsud, İbn Ömər və başqaları (Allah onlardan razı olsun) bu ayədəki əməlisaleh möminlərin Əbu Bəkr, Ömər, Osman, Əli və başqalarının (Allah onlardan razı olsun) olduqlarını təfsir etmişlər. (Təfsir ibn Kəsir, 4/ 500).
Uca Allah buyurur: “Haqqı gətirən və onu təsdiq edənlər isə əsl müttəqilərdir”. (əz-Zumər, 33). “Onu təsdiq edənlər Əbu Bəkr, Ömər, Osman və başqa möminlərdir”. (ət-Tabəri “Camiul-Bəyan” 3/ 24).
Ənəs (Allah ondan razı olsun) rəvayət edir ki, bir dəfə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Əbu Bəkr, Ömər və Osmanla (Allah onlardan razı olsun) bərabər Uhud dağına qalxdılar. Bu vaxt dağ silkələndi və Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) ona dedi: “Sakit ol, ey Uhud! Sənin üzərində peyğəmbər, siddiq və iki şəhid var”. (əl-Buxari, 3697).
Əbu Abdur-Rəhman əs-Suləmi rəvayət edir ki, xavariclər Osmanı (Allah ondan razı olsun) mühasirəyə aldıqda Osman onlara baxıb dedi: “Sizi and verirəm Allaha və (Allah xatirinə) ancaq Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) əshabələrinə müraciət edirəm. Məgər bilmirsiniz ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun): “Kim Rumə quyusunu alsa, onun üçün Cənnət vardır”– deyə buyurmuş, mən də o quyunu satın almışdım?! Məgər bilmirsiniz ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun): “Kim çətin ordunu (bu, Təbuk döyüşü olub, çətin döyüş olduğuna görə belə adlanmışdır) təchiz etsə, onun üçün Cənnət vardır”– deyə buyurmuş, mən də həmin ordunu təchiz etmişdim?” Xavariclər onun dediyini təsdiq etdilər”. (əl-Buxari, 2778).
Əli ibn Əbu Talib (Allah ondan razı olsun) Allahın bu kəlamını xatırlayıb demişdir: “Əzəlcədən ən gözəl aqibət yazılmış insanlara gəldikdə isə, onlar Oddan uzaqlaşdırılmış olacaqlar”. (əl-Ənbiya, 101). Osman da onlardandır”. (İmam Əhməd, 1/ 475).
Əli bin əbu Talib (Allah ondan razı olsun) Kufə məscidində xütbə verdiyi zaman demişdir: “Ey insanlar! Osmanın əleyhinə danışırsınız, lakin həqiqətən, mən və Osman Allahın müjdələdiyi müsəlmanlardanıq”- deyib bu ayəni oxudu: “Biz onların köksündəki kin-küdurəti çıxarıb kənar etdik. Onlar taxtlar üzərində qarşı-qarşıya əyləşən qardaşlar olacaqlar”. (əl-Hicr, 47)”. (əl-Hakim, 4563; ət-Tabərani “Mucəmul-Kəbir” 109).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: “On nəfər cənnətlikdir: Əbu Bəkr, Ömər, Osman, Əli, Talhə, əz-Zubeyr ibnul-Əvvam, Səid bin Malik, Abdur-Rahmən ibn Auf, Səid ibn Zeyd, Əbu Ubeydə ibnul-Cərrah”. (Əbu Davud, 3635).