Allah hər şeyi cüt yaradıbmı?
Sual:
Salam. Allah herkesi cut yaratmis ?
Cavab:
Va aleykum Salam. Bu barədə bir çox ayələrdə Uca Allah belə buyurur:
"Biz sizləri (erkək və dişi olmaqla) cüt-cüt yaratdıq". (ən-Nəbə, 8).
"O, (insanlardan və heyvanlardan) biri erkək və bir də dişi olmaqla iki cüt yaratdı". (ən-Nəcm, 45).
"Biz hər şeydən (erkək və dişi olmaqla) cütlər yaratdıq ki, bəlkə, düşünüb ibrət alasınız". (əz-Zəriyət, 49).
"O, bütün (canlıları və bitkiləri) cüt yaratdı...". (əz-Zuxruf, 12).
"Yerin bitirdiklərindən, insanların özlərindən və bilmədiklərindən bütün cütləri yaradan (Allah) pakdır, müqəddəsdir". (Yə Sin, 36).
"Biz ona (Nuha) vəhy etdik: "Gözlərimiz önündə və vəhyimizlə gəmini düzəlt. Əmrimiz gəldiyi və təndir qaynadığı zaman hər canlıdan bir cüt (erkək və dişi), barəsində söz keçmiş (əleyhinə hökm verilmiş) kəslər istisna olmaqla, öz ailəni gəmiyə mindir. Zalımlar barəsində Mənə müraciət etmə. Çünki onlar (suya) qərq olunacaqlar". (əl-Mu'minun, 27).
"O, yer üzünü sizin üçün beşik etmiş, orada sizin üçün yollar salmış və göydən su endirmişdir. Biz onunla cürbəcür bitkilərdən cüt-cüt yetişdirdik". (Ta Hə, 53).
"Yeri döşəyən, orada möhkəm dağlar, çaylar yaradan və bütün meyvələrdən cüt-cüt yetişdirən də Odur. O, gündüzü gecə ilə örtüb bürüyür. Həqiqətən də, bunda dərin düşünən adamlar üçün dəlillər vardır". (ər-Ra'd, 3).
Təfsir alimləri demişlər: "Hər şeyi cüt yaratdıq demək "hər şeyi iki cür və bir-birindən fərqli iki növ halında yaratdıq" deməkdir. Erkək ilə dişi, yer üzü ilə səma, günəşlə ay, gecə ilə gündüz, işıqlıqla qaranlıq, düzənliklə dağlıq, cinlərlə insanlar, xeyirlə şər, sabahla axşam kimi fərqli şeylər deməkdir". (əl-Qurtubi, Cəmiul-Əhkəm).