Futbola baxmaq və ya oynamaq olarmı?
Aleykum salam. Futbol oynamaq halal idman oyunlarından sayılır. Əgər bu oyunu sadəcə idman və ya istirahət naminə oynayırsa, burada bir qəbahət yoxdur. Bundan əlavə burada mühüm bir məsələyə də diqqət etmək lazımdır. Oyun zamanı futbolçular əsəblərinə və ya hislərinə hakim ola bilmirlər və nəticədə bir-birinə qarşı həddi aşırlar, bu isə haramdır. Bu həmçinin bəzən futbola baxanda da olur. Həmçinin, islamda mərc və qumar məqsədi ilə oynanılan hər bir oyun da qadağandır. Futbolu seyr etməyə gəldikdə isə bu da icazə verilən əməldir. Ancaq bu əməl də yuxarıda qeyd etdiyimiz kimi harama aparmamalı və vaxtı israf edilməsinə gətirib çıxarmamalıdır. Keçmişdə yaşayan əməlisaleh insanlardan biri belə demişdir: "Vaxt qılıncdır. Sən onu kəsməsən, o səni kəsəcək".
Vaxt insanın ən dəyərli sərmayəsidir. Ancaq insan adətən ona əhəmiyyət vermədiyi, onun dəyərini dərk etmədiyi üçün onu asanlıqla əldən buraxır. Vaxt Allahın qullarına bəxş etdiyi ən böyük nemətlərdən biridir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Beş şey gəlməmişdən öncə bu beş şeyə fikir verin: Ölməmişdən əvvəl həyatınıza, xəstələnməmişdən əvvəl can sağlığınıza, məşğul olmamışdan əvvəl asudə vaxtınıza, qocalmamışdan əvvəl cavanlığınıza, kasıblamamışdan əvvəl zənginliyə". ("Sahih əl-Cəmi" əsəri, 1077).
Lakin insanların əksəriyyəti bu nemətin əhəmiyyətindən xəbərsizdirlər və vaxt ilə bağlı vəzifələrinə etinasız yanaşırlar. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "İki nemət var ki, insanların çoxu bu ikisində aldanmışlar: can sağlığı və asudə vaxt". (əl-Buxari, 6412).