Mömin insan necə olmalıdır ?

    17.02.2014
Kimdən: 
Allahın qulu
Sual: 
Salam aleykum. Necesiniz? Momin insan zennimce namaz qilan, oruc tutan, sedeqe veren ve Allah Tealanin buyurduqu butun vacib emelleri yenine yetiren, Allaha bagli olan, Onu chox zikr edendir. Bes siz nece fikirleshirsiz? Men duz fikirleshirem? Onceden teshekkurler.
Cavab: 

Aleykum salam. Bəli, siz doğru söylədiniz. Quranın əl-Mu'minun surəsinin əvvəlində möminlərin bir neçə əsas sifətləri sadalanır: "Möminlər, həqiqətən də, nicat tapmışlar; o kəslər ki, namazlarında mütidirlər, o kəslərdir ki, sözbazlıqdan qaçırlar, o kəslərdir ki, zəkat verirlər, o kəslərdir ki, öz cinsi orqanlarını həmişə qoruyurlar, zövcələri və sahib olduqları cariyələr istisnadır. Onlar buna görə heç qınanmazlar. Bundan artığına can atanlarsa həddi aşanlardır. O mömin kəslər ki, əmanətlərini və vədlərini qoruyurlar. O kəslər ki, namazlarını öz vaxtlarında qılırlar. Məhz onlar – varis olanlarınızdır. Firdovs cənnətinə varis olanlar orada əbədi qalacaqlar". (əl-Mu'minun, 1-11).
Həmçinin, Peyğəmbərimizin (salləllahu aleyhi va səlləm) səhih hədislərində möminlərin sifətləri qeyd edilir. Abdullah ibn Amr (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisindən (salləllahu aleyhi və səlləm) soruşdular: "Hansı insanlar ən fəzilətlidir?" O buyurdu: "Məxmum qəlbli və düz danışan mömin". Dedilər: "Düz danışanı bilirik, bəs "məxmum qəlbli" nədir? "Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: "Allah­dan qorxan, tərtəmiz, içində nə günah, nə zülm, nə də həsəd olma­yan qəlbdir". (İbn Məcəh, 4216, 4356).
İbn Ömər (Allah onlardan razı olsun) belə rəvayət etmişdir: "Mən Allah Elçisinin (salləllahu aleyhi və səlləm) yanında idim. Ənsarlardan bir kişi onun yanına gəlib Peyğəmbərə (salləllahu aleyhi və səlləm) salam verdikdən sonra dedi: "Ey Allahın Elçisi, möminlərin ən üstünü hansılardır?" Allah Elçisi (salləllahu aleyhi və səlləm) dedi: "Əxlaqı ən gözəl olanlar!" Kişi dedi: "Möminlərin ən ağıllısı hansılardır?" Allah Elçisi (salləllahu aleyhi və səlləm) dedi: "Ölümü çox yad edənlər və ölümdən son­ra olana (Axirətə) ən gözəl şəkildə hazırlaşanlar. Ən ağıllı olanlar onlardır". (İbn Macəh, 4259, 4400).
Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Sizə kimin mömin oduğunu bildi­rimmi? Mömin - insanların canlarına və mallarına görə ondan arxayın olduqları kimsədir. Müsəlman - müsəlmanların onun əlindən və dilindən salamat olduqları kimsədir. Mücahid – itaətdə nəfsilə mübarizə edən kimsədir. Mühacir – asilikləri və günahları tərk edən kimsədir". (əl-Hakim, 24).
Peyğəmbər (salləllahu aleyhi va səlləm) demişdir: "Mömin nə tənə vuran, nə lənət oxuyan, nə ədəbsiz, nə də təhqir edən deyildir". (əl-Buxari "Ədəbul-Mufrad", 312).
Allah Elçisi (salləllahu aleyhi va səlləm) demişdir: "Möminin işi qəribədir! Həqiqətən, onun bütün işləri xeyirdir. Bu, mömin­dən başqa bir kəsə məxsus deyildir. Ona sevindirici bir şey gəldikdə, şükür edər, bu, onun üçün xeyir olar. Ona xoşagəlməz bir şey gəldikdə isə səbir edər, bu, onun üçün xeyir olar". (Səhih Muslim, 2999, 7692).
 

Paylaş: