Möminlər Qiyamət gününün dəhşətini görəcəklərmi?

    17.02.2014
Kimdən: 
Vasif
Sual: 
Salam aleykum. Qiyamət gününün dəhşətini möminlər görəcəklər? Allah Təala möminlərə cəhənnəmi göstərəcəkmi? Allah razı olsun.
Cavab: 

Aleykum salam. Səhih hədislərə görə qiyamətə yaxın həyatda olan möminlər qiyamətin dəhşətini görməyəcəklər. Belə ki, səhih hədisə görə Uca Allah İsanın (Allahın ona salamı olsun) vəfatından sonra və günəş qərbdən doğduqdan sonra xoş bir meh göndərəcək. Bu meh hər bir mömn kişi və qadının ruhunu götürəcək. Bundan sonra yer üzündə qiyamətin məhz onların başında çatlayacağı ən şərli insanlar qalacaq. (Muslim, 5228). Qiyamətin dəhşətini bu dünyada həmin vaxtı yalnız insanların ən şərliləri görəcək. Amma ümumi dəhşəti, sorğu-suala qədər Uca Allah bütün insanlara göstərəcək və möminlər cəhənnəmə baxdıqda oradan qurtulduqlarına görə sevincləri artacaq. Göylərin və Yerin, Günəş və Ulduzların qiyamətdəki vəziyyətlərini açıqlayan Quran Kərim, həmin məkanda insanların durumunu belə bəyan edir: "O gün insanlar kəpənək kimi ətrafa səpələnəcək, çəyirtkə kimi bir-birinə qatışacaqlar". (əl-Qariə, 4).
İnsanların qiyamətdəki digər hallarını xarakterizə edən Rəbbimiz buyurur: "Onu (qiyaməti) görəcəyiniz gün hər bir əmzikli qadın əmizdirdiyi uşağını unudar, hər bir hamilə qadın uşağını vaxtından əvvəl yerə qoyar. İnsanları sərxoş görərsən, halbuki, onlar sərxoş deyillər". (əl-Həcc, 2).
Qiyamət və onun iki mərhələsi: Surun birinci dəfə çalınması ilə hamı öləcək, ikinci dəfə isə hamı dirilib məhşər meydanına gətiriləcək. Həmin gün kimi üçün qəhr, kimi üçün isə fəxr günüdür. Surun ilk dəfə üfürülməsi ilə Yer və Göy parçalаnаrаq, bütün maddi kainat dаrmаdаğın ediləcək. Аrtıq heç bir cаnlı vаrlıq qalmayacaq. Ayədə deyildiyi kimi, "yer başqa bir yerlə, göylər də başqa göylərlə əvəz olunacaq". (İbrahim, 48).
"Sur çalınan kimi qəbirlərindən qalxıb sürətlə Rəbbinin hüzuruna axışacaqlar. Onlar deyəcəklər: "Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı?" "Bu, Rəhmanın məxluqlara buyurduğu vəddir. Peyğəmbərlər doğru deyirlərmiş!" (Yasin, 51-52).

"Sur çalınacaq, Allahın istədiyi kimsələrdən başqa dərhal hamı öləcək. Sonra bir daha çalınan kimi onlar qalxıb müntəzir olacaqlar! Yer öz Rəbbinin nuru ilə işıqlanacaq...". (əz Zumər, 68-69).
Surun ikinci dəfə üfürülməsi ilə birlikdə torpağın altından üstünə çıxarılacаq insanlar çəyirtkələr kimi və sürətlə qəbirlərindən çıxıb ətrаfа yаyılаcаqlar. Uca Allah bu bərədə belə buyurur: "Artıq (ya Peyğəmbər!) sən onlardan üz çevir. Carçının (İsrafilin) onları olduqca pis (dəhşətli) bir şeyə (məhşərə) çağıracağı günədək! Onlar (o gün) gözlərini zəlilanə aşağı tikib (ətrafa) səpələnmiş çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar. Kafirlər (boyunlarını qabağa uzadıb) carçıya tərəf tələsərək: "Bu nə çətin bir gündür!" - deyəcəklər". (əl Qamər, 6-8).
"...Sonra sizi bircə dəfə çağıran kimi dərhal yerdən çıxmanız da Onun qüdrət əlamətlərindəndir". (ər-Rum, 25). 
"O gün yer ayrılacaq, onlar sürətlə çıxacaqlar. O gün məhşər günüdür. Bu, bizim üçün asandır!" 
(Qaf, 44).

Bu barədə daha ətraflı "əl Həqqa"   və  "əl Qiyamə" surələrini oxuyun. 
 

Teqlər: 
Paylaş: