Aişənin ölümündə Müaviyənin əli varmı?
Va aleykum Salam. Bu, şübhə əhlinin özlərindən uydurduqları yalan və batil iddialardandır. Çünki Aişə ilə Muaviyənin (Allah onlardan razı olsun) ömürlərinin sonuna qədər çox gözəl və mehriban əlaqələri olub. Rəvayətlərin birində deyilir ki, Muaviyə Aişəyə məktub yazmış və məktubda bildirmişdir ki, möminlərin anası ona qısa məzmunlu bir nəsihət versin. Aişə də cavabında belə demişdir: Sənə salam olsun! Daha sonra: - Mən, peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini eşitmişəm: "Kim insanların qəzəbinə baxmayaraq, Allahın razılığını axtararsa, Allah ondan razı olar və insanları da ondan razı edər. Kim də Allahın qəzəbi bahasına insanların razılığını axtararsa, Allah da ona qəzəblənər, insanların da ona qəzəblənməsini təmin edər". (ət-Tirmizi "Sunən", 2414; "Səhih əl-Cami", 2024).
Aişə miladi təqvimi ilə 678-ci ildə öz əcəli Mədinədə vəfat etmişdir. Aişənin vəfatı ilə bağlı əl-Qasim ibn Muhəmməd və İbn Əbi Muleykə, Zəqvan İbn Əbu İmranın belə dediyini rəvayət edir: "Aişə can verəndə (peyğəmbərin əmisi oğlu) İbn Abbas onun yanına gəldi və içəri girmək üçün icazə istədi. Mən onun yanına girdim. Onun başının üstündə qardaşı Abdurrahmanın oğlu Abdullah oturmuşdu. Mən ona dedim ki, İbn Abbas içəri girmək üçün icazə istəyir. O, cavab verdi: - Mənim yaxamı İbn Abbasdan qurtar. Mənim nə ona, nə də onun təriflərinə ehtiyacım yoxdur. Abdullah ibn Abbas dedi: - Ey anamız! Həqiqətən İbn Abbas sənin mömin oğullarından biridir. (Uca Allah Quranda buyurur: "Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. Zövcələri isə möminlərin analarıdır...". (əl-Əhzab. 6). O, sənin üçün dua etmək və səninlə vidalaşmaq istəyir. Aişə fikrindən daşınıb dedi: - O halda buraxın gəlsin. İbn Abbas (içəri) daxil oldu və əyləşdi. Sonra isə dedi: - Sevin! Allaha and olsun ki, sənin ruhun bədənini tərk etdiyində sən bütün çətinlikləri və əzabları unudub Muhəmmədlə və dostlarınla görüşəcəksən. Aişə soruşdu: - Bəs sonra nə olacaq Ey İbn Abbas?! - Sən Allahın Rəsulunun ən sevimli həyatyoldaşı idin, o isə yalnız gözəlliyi sevirdi. Sən əl-Əbvdə gecə öz boyunbağını itirmişdin və Allahın Rəsulu onu tapmaq qərarına gəldi. Bunun nəticəsində insanlar susuz qaldı və Allah bu ayəni göndərdi: "...təmiz torpaqla təyəmmüm edin...". (ən-Nisə, 43). (Bu zaman) Aişə ağladı və dedi: - Deyilənləri qəbul edirəm, ancaq bir gün mən Rəsulullahdan soruşdum: - Ey Allahın elçisi, Qiyamət günündə anaların körpələrini atıb qaçdığı bir gündə çevrilib arxana baxıb: "Bir Aişə adlı həyatyoldaşım vardı" - deyə məni xatırlayacaqsanmı? Peyğəmbər cavab verdi: - Ey Aişə, 3 yer vardır ki, səni orada xatırlaya bilməyəcəm! 1. Hesab yerində, 2. Sirat körpüsündə, 3. Cənnət və Cəhənnəm əhlinin ayrıldığı yerdə. Bu 3 yerdə səni xatırlaya bilməyəcəm, Ey Aişəm. Öz başının çarəsini qıl! Sonra Aişə hönkürərək sözünə davam etdi: - Kaş ki, bir ağac olaydım. Məni yandıraydılar, külüm havaya sovrulaydı, amma Aişə adı dəftərlərə yazılmayaydı. Kaş ki, yaradılmayaydım. Ey İbn Abbas, "məni rahat burax! Allaha and olsun ki, dalğınlığa təslim olub həmişəlik unudulmaq istəyərdim" dedikdən sonra bu ayələri oxudu: - "...Kaş bundan əvvəl öləydim və bir dəfəlik unudulaydım!" (Məryəm, 23)". (Tarixul-İslam, 4/294; "ət-Təhzib", 12/386; əz-Zəhəbi, "əs-Siyər", 2/192; İbn Sə'd, "ət-Tabəqatul-Kubra", 8/78).