Elm önəmlidir, yoxsa əməl?
Va aleykum Salam. Müsəlman vacib olan şeyləri öyrənmədən dinə aid bir şey söyləməməli və ya əməl etməməlidir, çünki elmsiz əməl həm onun özünə, həm də ətrafında olanlara zərər vura bilər. Həqiqətən, elmsiz əməl edən insan, zülmət qaranlıqda dolaşan bir kimsəyə bənzəyir. Uca Allah buyurur: "Bil ki, Allahdan başqa (ibadətə layiq olan) heç bir məbud yoxdur. Sən həm öz günahlarının, həm də mömin kişilərlə mömin qadınların bağışlanmasını dilə...". (Muhəmməd, 19). əl-Buxari öz "Səhih"ində "Elm, söz və əməldən öncədir" fəslini əlavə edərək bu ayəni gətirmiş və belə demişdir: "Allah əvvəl elmdən başlamışdır". (əl-Buxari, 1/211). İbn əl-Munir isə əl-Buxarinin sözləri haqda belə demişdir: "Yəni elm, söz və əməllərin səhih olması üçün şərtdir". (Fəthul-Bari", 1/211).
Əli ibn Əbu Talib (Allah ondan razı olsun) demişdir: "Elmsiz ibadətdə xeyr yoxdur, düzgün anlanılmayan elmdə də xeyr yoxdur!" (Əbu Xeysəmə "Kitəbul-Elm" əsəri, 144; əl-Acurri "Əxləqul-Uləmə" əsəri, 14). Ömər ibn Abduləziz (Allah ona rəhmət etsin) belə demişdir: "Allaha elmsiz ibadət edən kəs, xeyrdən çox zərər gətirir". (İmam Əhməd "əz-Zuhd", 365).
Elmin vacib olmasına baxmayaraq, əməlsiz elmin də faydası yoxdur, əksinə bilib əməl etməyən insan bilməyən cahilə nisbətən daha çox məsuliyyət daşıyır. Həmçinin oxuyun: Elm öyrənmək haqqında