Cahil qadınla evlənmək olarmı?
Salam aleykum. Əgər həmin şəxs özünə müsəlman deyir, lakin bilməyərəkdən şirk sayılan əməllər edir, namaz qılmırsa, bu zaman o, cahil (avam) müsəlmanlardan sayılır və belə biri ilə evlənməyə şəriətimizdə qadağa yoxdur. Ancaq Peyğəmbər (salləllahu aleyhi və səlləm) həm kişiləri, həm də qadınları dini və əxlaqı gözəl olanlarla, Allahdan qorxan, ibadət edən əməli salehlərlə evlənməyə təşviq etmişdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Qadınla dörd xüsusiyyət; var-dövlət, nəsil-nəcabət, gözəllik və dininə görə ailə qurulur. Dininə üstünlük versən əlin xeyirə çatar". (əl-Buxari, 4802; 5090; Muslim, 1466).
Həmçinin (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Sizə dinindən və əxlaqından razı qaldığınız birisi (elçi olaraq) gəldiyi zaman qızınızı onunla evləndirin. Əgər belə etməsəniz yer üzündə fitnə və fəsad olar". Səhabələr (Allah onlardan razı olsun) dedilər: "Ey Allahın Elçisi (salləllahu aleyhi və səlləm)! Əgər həmin adamda bəzi əlamətlər (yəni, kasıblıq) olsa necə?" Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Sizə dinindən və əxlaqından razı qaldığınız birisi (elçi olaraq) gəldiyi zaman qızınızı onunla evləndirin". O bunu üç dəfə təkrar etdi". (ət-Tirmizi: 1084, 1085; İbn Məcəh, 1967).