İslama görə ölülər diriləri eşidib görürlərmi?

    22.02.2014
Kimdən: 
Polad
Sual: 
Salam aleykum. 1)Ölüler bizi eshidir? Chünki Quranda Tovbe suresinin 105-ci ayesinde Allah onların eşidib goruduyunu deyir: "De: “(Ey insanlar, ey tövbəkarlar! İstədiyinizi) edin. Allah, Onun Peyğəmbəri və möminlər əməllərinizi görəcəklər. Siz qeybi və aşkarı bilən Allahın hüzuruna qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir!” (et Tovbe, 105). Bu ayeye esasen Allah, Peygember ve mominler bizi gorur ve eshidir. Axiretde ise bize gosterilcek. Demek ki, dunyada emellerimizi gorur. 2)Zuxruf suresinin 45-ci ayesinde ise bele buyurulur: "Ya Peyğəmbər! Səndən əvvəl göndərdiyimiz peyğəmbərlərdən (onların ümmətlərinin alimlərindən və müxlis möminlərindən) soruş: “Biz Rəhmandan başqa ibadət olunası tanrılarmı müəyyən etmişik?!” (ez Zuxruf, 45). Gorduyunuz kimi ayenin evvelinde, evvel ki, peygemberlerden sorush deyilir. Sonra ise Allah Teala peygemberine alimlerden sorush deyir. Eger ölü görüb eshitmirse, onda bes bu iki ayeni nece achiqlayaq? İmkandirsa, bir az təfsilatlı ve geniş izahla məlumat vererdiz.
Cavab: 

Aleykum salam.
1) Qeyd etdiyiniz ayə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) zamanında yaşayan insanlara aiddir. Həmçinin, ayədə "eşidəcəklər" yox, "görəcəklər" deyir. Bu ayənin mənası odur ki, bir insanın etdiyi əməllərə digər insanlar şahidlik edirlər. Rəvayət edilir ki, Ənəs ibn Malik (Allah ondan razı olsun) demişdir: "(Bir dəfə) cənazə apa­rılarkən biz onu xoş sözlə yad edib təriflədik. Peyğəmbər (salləllahu aleyhi və səlləm): "Vacib oldu!" - deyə bu­yur­­du. Sonra başqa bir cənazə apa­rılarkən biz onu xoşagəlməz sözlə yad edib pis­lədi­k. Pey­ğəm­bər (salləllahu aleyhi və səlləm) yenə: "Vacib oldu!" - deyə buyurdu. Ömər ibn əl-Xattab (Allah ondan razı olsun): "Nə va­cib ol­du?" - de­yə soruşdu. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Bunu xoş sözlərlə yad et­di­niz, Cənnət buna vacib oldu. Onu da xoşagəlməz sözlərlə yad etdiniz, Cə­hən­nəm ona vacib oldu. Siz Allahın yer üzündəki şahidlərisiniz!" (əl-Buxari, 1367).
 
2) əz-Zuxruf surəsinin 45-ci ayəsindəki "Səndən əvvəl göndərdiyimiz elçilərdən soruş; Biz Mərhəmətli Allahdan başqa ibadət ediləsi məbudlarmı icad etmişik?" sözlərin mənası "onların sənin dövründə yaşayan ardıcıllarından soruş" deməkdir. İslam dinində ölülərlə (yəni ruhlarla) əlaqəyə girmək və onlardan nəsə soruşmaq və bu işlə məşğul olmaq falçılıq kimi küfr əməllərdən hesab olunur. 
      Bəzi insanlar ölülərin eşitdiklərini iddia etməklə ölülərə dua edərək onlardan istəməyi İslam dini ilə əlaqələndirmək istəyirlər. Halbuki ölüləri çağırıb onlardan nəsə istəmək Allaha şərik qoşmaq hesab olunur. Uca Allaha şərik qoşmaq isə günahların ən böyüyüdür. İslam dini tövhid dinidir. Dinimizin ən əsas prinsipi tək Allaha ibadət etməkdir. Dua etmək bütün ibadətlərin əsasıdır. Bəzi insanlar bütövlükdə tövhiddən - tək Allaha ibadət etməkdən və Ona heç bir şeyi şərik qoşmamaqdan danışan Qurani Kərimdə öz şirk əməllərinə və etiqadlarına haqq qazandırmaq üçün batil dəlillər axtarırlar. Belələri haqda Uca Allah buyurur: "Kitabı sənə nazil edən Odur. O Kitabın bir qismi mənası aydın ayələrdir ki, bunlar da Kitabın anasıdır. Digərləri isə mənası aydın olmayan ayələrdir. Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mənası aydın olmayanın ardınca düşərlər. Onun yozumunu isə Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə deyərlər: "Biz onlara iman gətirdik, hamısı bizim Rəbbimizdəndir. Bunu isə ancaq ağıl sahibləri dərk edərlər". (Ali İmran, 7).

Paylaş: