Axirətdə Allahı görmək olacaqmı?

    27.02.2014
Sual: 
Salam aleykum. Öldükdən sonra cənnətə daxil olanlar Allah Təalanı görəcəklərmi? İmkandirsa bir az təfsilatı ilə izah edərdiz.
Cavab: 

Və aleykum Salam. Əvvəlcə qeyd ki, bu dünyada heç kim Uca Allahı görməyib və görməyəcək. Uca Allah buyurur: "Musa təyin etdiyimiz vaxtda gəldikdə Rəbbi onunla danışdı. Musa dedi: "Ey Rəbbim! Özünü mənə göstər, Sənə baxım". O dedi: "Sən məni görə bilməzsən. Lakin bu dağa bax. Əgər o, öz yerində qala bilsə, sən də Məni görəcəksən". Rəbbi dağa göründükdə onu parça-parça etdi. Musa da bayılaraq yerə sərildi. Özünə gəldikdə isə dedi: "Sən pak və müqəddəssən! Sənə tövbə etdim və mən iman gətirənlərin birincisiyəm!" (əl-Əraf, 143).
Cənnətdə isə möminlər öz Rəblərini görəcəklər. Uca Allah bu barədə belə buyurur: "O gün (neçə-neçə) üzlər nurlanacaq və öz Rəbbinə baxacaqdır". (əl-Qiyəmə, 22-23).
Cərir ibn Abdullah əl Bəcəli (Allah ondan razı olsun) demişdir: "Allah Elçisinin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) hüzurunda oturmuşduq. Rəsulullah (salləllahu aleyhi və səlləm) bədirlənmiş aya baxdı və belə dedi: "Siz Rəbbinizin hüzuruna gedəcəksiniz və bu ayı gördüyünüz kimi, onu da görəcəksiniz. Görməkdə bir çətinlik və sıxıntı çəkməyəcəksiniz. Elə isə günəş doğmamışdan əvvəlki namaza və gün batmadan qabaq qılınan namaza gücünüz çatdıqca davam edin". Peyğəmbər (salləllahu aleyhi və səlləm) sonra bu ayəni oxudu: "Günəşin doğmasından və batmasından əvvəl Rəbbinin qüdrət və ucalığını bütün həmdi ilə zikr et". (ət-Tirmizi, 2551).
Digər bir rəvayətdə Peyğəmbər (Allahın oan və ailəsinə salavatı və salamı olsun) demişdirr: "Siz bədrlənmiş gecədə ayı görməkdə çətinlik çəkirsiniz? Ya da həmişə günəşi görməkdə bir çətinliklə üzləşirsiniz?". Əshabələr (Allah onlardan razı olsun) cavab verdilər: "Xeyr". Bunun üstündən Allah Elçisi (salləllahu aleyhi və səlləm) sözlərinə belə davam etdi: "Siz Rəbbinizi bədrlənmiş gecədə ayı gördüyünüz kimi rahatlıqla görəcək və heç bir çətinlik çəkməyəcəksiniz". (ət-Tirmizi, 2552).
Ümumiyyətlə, "Allahla görüşmək" mənası ilə gələn ayə və hədislərdə məna Allahı gözlə görərək Onunla görüşməkdir. Amma Uca Allahı görmək onu dərk etmək demək deyil. Gözlər Ona baxacaq, amma Onu tam əhatə edərək qavraya bilməz. Uca Allah buyurur: "Onların elmi isə Onu (Allahın zatını) əhatə edib qavraya bilməz!" (Ta Hə, 110); "Gözlər Onu dərk etməz. O, gözləri dərk edər". (əl-Ənam, 103).

Teqlər: 
Paylaş: