Övladlarımıza Fatimə və Zəhra adlarını qoya bilərik?

    26.02.2014
Sual: 
Salam aleykum. Fatimə və Zəhra adlarını uşaqlara qoymaq günah deyil? Ve uşaqlara hansı adları qoysaq günah sayılar?
Cavab: 

Aleykum salam. Övladlara belə gözəl adlar qoymaq da heç bir problem yoxdur. Əksinə savabdır və yeni doğulan uşağa gözəl bir ad qoymaq, öncəliklə atanın sonra ananın vəzifələrindən biridir. Övlad Allah Təaladan bir hədiyyədir. Onu valideynlərə nemət olaraq vermiş və onların böyük və bir sıra hüquqlarını ödəməyi valideynlərə vacib etmişdir. Bu hüquqlardan ən birincisi övlada ömür boyu özü ilə daşıdığı gözəl ad verməkdir. əl-Məvərdi adlı tarixçi islam alimi (Allah ona rəhmət eləsin) belə deyir: "Körpə doğulduqda ona qarşı ən birinci hörmət və yaxşılıq ona gözəl ad verməkdir. Gözəl ad bunu ilk dəfə eşitdikdə insanın ruhuna gözəl təsir bağışlayır". ("Nəsihətu-l-Məluk" kitabı səh: 167).
Mütləq şəkildə bütün səhabə adlarını qoymaq vacib deyil. Onların adlarından elələri var idi ki, yaşadıqları cəmiyyətdə geniş yayılmış və qəbul edilmişdir, digər cəmiyyətlərdə isə qəribə qarşılana bilər.
əl-Məvərdi, sitat gətirilən kitabında ad seçərkən tövsiyə olunan məsələlərə toxunmuşdur. Bunlara aşağıdakılar aiddir: "Ad mənaca yaxşı olmalı və ad qoyulan şəxsə uyğun olmalı, öz təbəqəsindən və camaatından olan adamlar arasında geniş yayılmış olmalıdır. Valideynlərin övladları üçün gözəl adlar seçməsi vacibdir. Bu adlar yaşadıqları cəmiyyətdə yad, qəribə səslənməməlidir. Çünki adın qəribə olması ad və qoyulan şəxsin istehza obyektinə çevrilməsinə səbəb ola bilər. Həmin şəxs insanların qarşısında adının çəkilməsindən xəcalət çəkə bilər. Kim səhabələr, rəsullar, saleh insanların adlarını qoymaq istəyirsə bunların arasından yaşadığı cəmiyyət və camaatına uyğun olanını seçsin. Qoyulan adların gözəl bir mənasının olması, islam inancına və hökmlərinə uyğun olması lazımdır".
Mənasında günah və küfr olan adları qoymaq olmaz.

Teqlər: 
Paylaş: