Peyğəmbər öləndən sonra onun zövcələri başqalarına ərə gedə bilərlərmi?
Va aleykum Salam. İslam şəriətinə görə Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) xanımları ilə evlənmək haramdır. Uca Allah bunu qadağan edərək belə buyurur: "...Sizə Allahın Elçisini narazı salmaq, vəfatından sonra onun həyat yoldaşları ilə izdivac etmək qətiyyən yolverilməzdir. Həqiqətən, bu, Allah yanında böyük günahdır". (əl-Əhzab, 53). Digər bir ayədə isə belə buyurulur: "Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. Zövcələri isə möminlərin analarıdır...". (əl-Əhzab, 6). Ayənin təfsirində də deyilir ki, müsəlmanlar Allahın Elçisinin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) vəfatından sonra onun zövcələri ilə evlənmək haqqına malik deyillər, onlara hörmət etməli və ehtiram göstərməlidirlər. (Abdur-Rahmən ibn Nasir əs-Səədi "Müqəddəs Quranın Təfsiri", Əhzab surəsinin şərhi).