Allah kimlərin qəlbini möhürləyir?

    10.01.2018
Sual: 
Salam Aleykum.Allah Teala kimlerin qelblerini mohurleyir yani nece tip insanlarin?Allah haminizdan razi olsun.
Cavab: 

Va aleykum Salam. Uca Allah kafirlərin, münafiqlərin, zalımların, Allaha və Rəsuluna qarşı hədlərini aşanların və günahları həddindən artıq çox olanların qəlblərini möhürləyir.

1. Uca Allah kafilər barədə belə buyurur: "Həqiqətən, kafirləri qorxutsan da, qorxutmasan da, onlar üçün fərqi yoxdur, iman gətirməzlər. Allah onların qəlblərini və qulaqlarını möhürləmiş, gözlərinə də pərdə çəkmişdir. Onlar üçün böyük bir əzab vardır". (əl-Bəqərə, 6-7).

"Qəlbi imanla sabit qaldığı halda (haqqı danmağa) məcbur edilən kəslər istisna olmaqla, kim iman gətirdikdən sonra Allahı inkar etsə və qəlbini küfrə açsa, Allahın qəzəbinə düçar olar. Onlar üçün böyük bir əzab vardır. Bu ona görədir ki, onlar dünya həyatını axirətdən üstün tuturlar. Həm də Allah kafirləri doğru yola yönəltmir. "Bunlar o kəslərdir ki, Allah onların qəlbinə, qulaqlarına və gözlərinə möhür vurmuşdur. Onlar əsl qafildirlər. Heç şübhəsiz ki, ziyana uğrayanlar da onlardır". (ən-Nəhl, 106-109).

"Onlar bağladıqları əhd-peymanı pozduqlarına, Allahın ayələrini inkar etdiklərinə, peyğəmbərləri haqsız yerə öldürdüklərinə və: "Qəlblərimiz qapalıdır!" - demələrinə görə (lənətə düçar edildilər). Xeyr, küfrləri üzündən Allah onların qəlblərini möhürləmişdir. Onlar olduqca az inanırlar (yaxud onların yalnız az bir hissəsi iman gətirir)". (ən-Nisa, 155).

"Məgər yer üzünün (keçmiş) sakinlərindən sonra ona varis olanlara bəyan olmadımı ki, əgər Biz istəsəydik, onları da günahları üzündən müsibətə düçar edər, qəlblərinə möhür vurardıq və onlar da eşitməzdilər? "Bu, o ölkələrdir ki, onların əhvalatlarından bəzisini sənə söyləyirik. Elçiləri onlara açıq-aydın dəlillər gətirdilər. Onlar isə daha öncə yalan hesab etdiklərinə görə iman gətirmədirlər. Allah kafirlərin qəlblərini beləcə möhürləyir". (əl-Əraf, 100-101).

2. Münafiqlər barədə; "Münafiqlər sənin yanına gəldikləri zaman: "Biz şəhadət veririk ki, sən Allahın Elçisisən!" - deyirlər. Allah da bilir ki, sən Onun Elçisisən. Allah şahiddir ki, münafiqlər əsl yalançıdırlar. Onlar andlarını sipər edib (insanları) Allah yolundan döndərdilər. Həqiqətən, onların törətdikləri əməllər necə də pisdir! Bu ona görədir ki, onlar iman gətirdikdən sonra kafir oldular. Sonra da onların qəlbinə möhür vuruldu. Artıq onlar anlamırlar". (əl-Munafiqun, 1-3).

"Allaha iman gətirin və Onun Elçisi ilə birlikdə cihad edin!" - (deyə) bir surə nazil edildikdə onların var-dövlətə malik olanları səndən icazə istəyib dedilər: "Bizi burax (evdə) oturanlarla birlikdə qalaq!" Onlar arxada qalanlarla birgə olmağa razılaşdılar. Onların qəlblərinə möhür vuruldu. Buna görə də onlar (haqqı) anlamayacaqlar". (ət-Tovbə, 86-87).

"Onların arasında səni dinləyənlər də var. Nəhayət sənin yanından çıxdıqda özlərinə elm verilmiş kimsələrə istehza ilə deyərlər: "O, bayaq nə deyirdi?" Bunlar o kəslərdir ki, Allah onların qəlbinə möhür vurmuş, özləri də nəfslərinə tabe olmuşlar". (Muhəmməd, 16).

3. Zalımlar barədə; "Nə üçün əzabımız onlara gəldiyi zaman boyun əymədilər? Onların qəlbləri sərtləşdi, şeytan da onlara etdikləri əməlləri gözəlləşdirdi. Onlar özlərinə edilmiş xəbərdarlığı unutduqları zaman hər şeyin qapılarını onların üzünə açdıq. Özlərinə verilən şeylərə sevindikləri vaxt isə onları qəflətən yaxaladıq və onlar naümid qaldılar. Beləliklə də zalım camaatın kökü kəsildi. Həmd olsun aləmlərin Rəbbi Allaha. De: Bir deyin görək, əgər Allah sizin eşitmə və görmə qabiliyyətinizi əlinizdən alsa, qəlblərinizə möhür vursa, Allahdan başqa hansı ilah onları sizə qaytara bilər?" Bax gör, Biz ayələri necə izah edirik, sonra onlar (yenə) üz çevirirlər". (əl-Ənam, 43-46).

4. Hədlərini aşanlar barədə; "Onlar onu yalançı hesab etdilər. Biz də onu və onunla birlikdə gəmidə olanları xilas etdik, onları (yer üzünə) xələflər təyin etdik. Ayələrimizi yalan hesab edənləri isə suda batırdıq. Bir gör qorxudulanların aqibəti necə oldu! Sonra onun arxasınca elçiləri öz ümmətlərinə göndərdik. (Elçilər) onlara açıq-aydın dəlillər gətirdilər. Onlar isə öncə yalan hesab etdiklərinə iman gətirmədilər. Biz həddi aşanların qəlblərini beləcə möhürləyirik. Sonra onların arxasınca Musanı və Harunu Firona və onun əyanlarına açıq-aydın dəlillərimizlə elçi göndərdik, lakin onlar təkəbbürlük göstərdilər. Onlar günahkar bir tayfa idilər". (Yunus, 73-75).

5. Həmçinin günahlar çox olduqda onlar insanın qəlbini möhürləyir. Uca Allah buyurur: "Xeyr! Onların qəlbini qazandıqları (günahlar) bürümüşdür". (əl-Mutaffifin, 14).

Uca Allah buyurur: "Nəfsinin istəyini ilahiləşdirən şəxsi gördünmü? Allah (əzəli) elmi sayəsində onu azğınlığa saldı, qulağını və qəlbini möhürlədi, gözünə də pərdə çəkdi. Allahdan başqa kim onu doğru yola yönəldə bilər? Məgər düşünüb anlamırsınız?" (əl-Casiyə, 23). 

Paylaş: