Murdar şeylərdən təmizlənməyin üsulları

    09.11.2017

Hər hansı bir şeyin murdar olması haqda yalnız Qurani-Kərim və Peyğəmbərin səhih hədisləri əsasında qərar vermək olar. İslam şəriəti (qayda-qanunu) bizə murdar olan şeyləri bəyan etməklə yanaşı ondan təmizlənməyin üsullarını da öyrətmişdir. Əgər şəriətdə nəyinsə təmizlənməsi üçün murdar şeyin yuyulması əmr olunursa, demək onun təmizlənməsi belə olmalıdır. Əgər nəyinsə təmizlənməsi üçün su tökmək, su çiləmək, qaşımaq, yerə sürtmək, yaxud təmiz torpağın üzərində gəzmək deyilibsə, demək təmizlənmə də belə olmalıdır. 
Murdar şeylərin təmizlənməsi üçün əsas maddə olaraq sudan istifadə edilir. Çünki Peyğəmbərimiz - ona və ailəsinə Allahın salavatı və salamı olsun - suyu, "Allah suyu təmizləyici olaraq yaratmışdır" – sözləri ilə vəsf etmişdir. Əgər şəriətdə murdar şeyləri təmizləmək üçün sudan əlavə bir vasitə qeyd edilmirsə, onda yalnız su ilə təmizləmək lazımdır. 

Murdarlığı isbat olunan şeylər və onlardan təmizlənməyin üsulları  

1. İnsan sidiyi və nəcisi. 
Peyğəmbər demişdir: "Sizlərdən birinizin ayaqqabısı pisliyə (nəcisə) batarsa, onu torpaq təmizləyər". (Əbu Davud, 385).
Həmçinin, ayaqqabının təmizlənməsi haqda o belə demişdir: "Sizdən biriniz məscidə gələndə ayaqqabısını çevirib altına baxsın. Əgər orada nəcis və ya bir pislik görərsə, ayaqqabını yerə sürtsün və yalnız bundan sonra ayaqqabı ilə namaz qılsın". (Əbu Davud, 650).
Sidiyə bulaşan yerin təmizlənməsi haqda isə rəvayət edilir ki, Ənəs demişdir: "Bir bədəvi məsciddə kiçik subaşıına çıxdı. Camaatdan bəziləri ona mane olmaq üçün ayağa qalxdı. Allah Elçisi onlara: “Onunla işiniz olmasın, ona mane olmayın” - deyə buyurdu. O, işini bitirdikdən sonra Peyğəmbərin göstərişi ilə bir vedrə su gətizdirib oraya tökdülər”. (ən-Nəsai, 53).
Bu hadisə zamanı Peyğəmbər məscidin dərhal təmizlənməsi üçün oraya su tökülməsini əmr etmişdi. Əgər həmin yer qalıb qurusaydı və nəcisdən əsər-əlamət qalmasaydı, həmin yer pak sayılardı. 
Qadın paltarının yerlə sürünən hissəsinin təmizlənməsi. Rəvayət edilir ki, bir qadın Peyğəmbərin həyat yoldaşı Ummu Sələmədən soruşdu: "Mən uzun ətəkli paltarlar geyinən qadınam. Hərdən natəmiz yerlərdən keçirəm, mən necə edim?" Ummu Sələmə dedi: "Peyğəmbər demişdir: "Ondan sonra gələn (pak torpağı olan yer) onu təmizləyir". (İbn Macə, 531).
Paltarın südəmər uşağın sidiyindən təmizlənməsi. Peyğəmbər demişdir: "Qız uşağının sidiyi dəymiş paltar yuyulur, oğlan uşağının sidiyi dəymiş paltara isə su çiləmək kifayət edir". (ən-Nəsai, 304).

2. Məzi.  
Məzi həm kişi, həm də qadınlarda şəhvət hissi nəticəsində ifraz olunan ağımtıl, duru və yapışqan mayedir. Bu maye şəhvətsiz və təzyiq olmadan da ifraz olunur. İfraz olunduqdan sonra halsızlıq gətirmir və onun ifraz olunması hiss olunmaya da bilər. Bu maye murdar sayılır və Peyğəmbər cinsiyyət üzvünün bu mayedən yuyulub təmizlənməsini əmr etmişdir. Əli ibn Əbu Talib rəvayət edir ki, məndən tez-tez məzi axırdı. Amma mən qızına (Fatimənin atası, mənim də qaynatam olduğuna) görə Peyğəmbərdən soruşmağa utanırdım. Mən bu haqda soruşmağı Miqdad ibn əl-Əsvədə tapşırdım. O, Peyğəmbərdən soruşduqda bu cavabı aldı: “(Belə olduqda,) cinsiyyət üzvünü yusun, sonra dəstəmaz alsın!”(əl-Buxari, 132).
Paltarın məzidən təmizlənməsi haqda isə rəvayət edilir ki, Səhl ibn Huneyf demişdir: "Mən məzidən çox əziyyət çəkir və buna görə çox çimirdim. Sonra bu haqda Peyğəmbərə xəbər verdikdə o dedi: "Buna görə təkcə dəstəmaz almağın kifayətdir". Mən dedim: "Ey Allahın elçisi, bəs paltarıma dəyənini necə edim?" O dedi: "Paltarına bulaşdığını gördükdə bir ovuc su alıb onun üzərinə tökməyin kifayətdir". (İbn Macə, 506).

3. Əti yeyilməyən heyvanların ifrazatı.
Abdullah ibn Məsud rəvayət edir ki, Peyğəmbər ayaqyoluna getmək istədi və dedi: "Mənə üç daş gətir!". Mən də ona iki daş və eşşək peyini tapdım. O, daşları götürdü, eşşək peyinini isə atdı və: “Bu murdardır”– dedi. (əl-Buxari, 156).

4. Heyz (aybaşı) qanı. 
Əsma bint Əbu Bəkr rəvayət edir ki, bir qadın Peyğəmbərin yanına gəlib soruşdu: “Bizdən birimizin paltarına heyz qanı bulaşsa, o, nə etməlidir?” Peyğəmbər buyurdu: “Həmin yeri ovxalasın, sonra suya salıb yaxşıca yusun, sonra üstünə su çiləsin, sonra da onunla namaz qılsın”. (əl-Buxari, 227).
Paltarı təmizlədikdən sonra üzərində ləkə qalarsa, bunun heç bir zərəri olmaz.

5. İtin ağız suyu. 
Peyğəmbər demişdir: “Sizdən birinizin qabını it yaladıqda, onu birincisi torpaq, qalanları da su ilə yeddi dəfə yuyaraq təmizləyə bilər”. (ən-Nəsai, 67).

6. Leş. 
Leş kəsilmədən ölmüş heyvan bədəninə deyilir. Peyğəmbər demişdir: "Ölmüş heyvanın dərisi aşılanarsa, təmizlənmiş olar". (Muslim, 838).
Ölmüş heyvanın sümüyü, buynuzu, dırnağı, tükü, lələyi təmiz sayılır. 

Paylaş: