Kitab oğurlamaq günah sayılırmı?
Aleykum salam. Xeyir, bu düzgün fikir deyil. Dinimizə görə üzərində haqqın olmayan, istəlinən bir əşyanı haqq sahibindən onun icazəsi olmadan oğurlamaq günah sayılır. Oğurluq isə bütovlükdə haramdır. Ümumiyyətlə oğurluq başqasının malını bağlı yerdən, zülmlə götürməkdir. Allah Təaala oğurluq üçün cəza təyin edərək buyurmuşdur: "Oğru kişi ilə oğru qadının gördükləri işin əvəzi kimi Allahdan cəza olaraq (sağ) əllərini kəsin. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!" (əl-Maidə, 38).
Peyğəmbər (sallallahu aleyhi və səlləm) qadınlar ona beyət etdikləri zaman oğurluq etməyəcəklərinə dair onlardan əhd qəbul etmişdir. Uca Allah buyurur: "Ey Peyğəmbər! Mömin qadınlar Allaha heç bir şərik qoşmayacaqlarına, oğurluq və zina etməyəcəklərinə, uşaqlarını öldürməyəcəklərinə, əlləri ilə ayaqları arasından olanı yalanla ört-basdır etməyəcəklərinə (ərlərindən olmayan uşaqlarını onlara isnad etməyəcəklərinə) və heç bir yaxşı işdə sənə qarşı çıxmayacaqlarına dair sənə beyət etmək üçün yanına gəldikləri zaman onların beyətini qəbul et və Allahdan onlar üçün bağışlanma dilə. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir". (əl-Mumtəhinə, 12).
Möminlərin anası Aişə (Allah ondan razı olsun) deyir: "Peyğəmbər (salləllahu aleyhi və səlləm) dinarın (pul vahidi) dörddə biri və ondan çox məbləğə görə oğrunun əlini kəsərdi".
Oğurluğun cəzasının təyin edilməsində hikmət isə heç şübhəsiz ki, oğurluğun çox böyük zərəri olmasından dolayıdır. Çünki oğurluq insanı şərəfli işlər görməkdən və halal ruzi qazanmaqdan yayındırır. İnsanı hər zaman alçaldıcı işlər görməyə sövq etdirir. Oğurluq edən adam etdiyi əməlinin cəzasını bildikdə oğurluqdan əl çəkər, doğru və halal yol ilə öz ruzisini qazanmaq haqda düşünür. İslam şəriəti oğurluğun cəzasını təyin etməklə insanların var-dövlətini mühafizə edir, ölkədə əmin-amanlığı bərqərar edir, fərdi və ya toplum üçün halal qazanc və ruzi yollarını rahatlaşdırır.