Gözə sürmə çəkmək nəyə görə xeyirlidir?

    01.03.2014
Sual: 
Salam aleykum. Gözə sürmə çəkmək nəyə görə xeyirlidir?
Cavab: 

Aleykum salam. Peyğəmbərimiz Məhəmməd (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Gözünüzə ismid çəkin! Çünki o, gözə parlaqlıq verir və kirpikləri bitirir". (əl-Buxari "Tarix" əsəri, 4 /2 /412; Silsilətul-Əhadisis-Səhihə, 665).
İsmid sürmənin bir növüdür. Sürmə, qara-qırmızıya çalar və ya bənzər daş növüdür. Bu daşların bir qismi daha çox qaraya, bir qismi isə qırmızıya çalar. Sürmə çəkmək deyildikdə isə, şəfa tapmaq və ya gözəl görünmək məqsədilə həmin daşın tozunu milçə ilə kirpiklərin dibinə sürtmək nəzərdə tutulur. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) gözlərinə sürmə çəkmiş, habelə ümmətini də buna rəğbətləndirmiş, üstəlik sürmənin gözə nə dərəcədə faydalı olduğunu xəbər vermişdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) yatmazdan əvvəl hər gözünə üç kərə sürmə çəkər və ümumiyyətlə bunu tək sayda etməyi məsləhət görərdi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Sizdən biriniz (gözlərinə) sürmə çəkdiyi zaman bunu tək sayda etsin". (İmam Əhmədi, 2/351).
Digər bir hədisdə isə Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Allah Vitrdir (yəni, Təkdir) və tək sayı sevir". (əl-Buxari, 5931).
İslam alimləri Peyğəmbərin (salləllahu aleyhi və səlləm) buyurduğuna uyğun şəkildə gözə sürmə çəkməyin iki yolu olduğunu söyləmişlər: "birincisi, əvvəlcə sağ gözə üç kərə, sonra da sol gözə üç kərə sürmə çəkmək; bu da üç dəfə üç dəfə yuyulan dəstəmaz əzalarına bənzəyir; ikincisi isə sağ gözdən başlayıb elə sağ gözdə də qurtarmaqla və bir-bir növbə ilə çəkməklə sağa üç, sola isə iki kərə sürmə çəkmək. Beləliklə də, hər iki gözə cəmi beş kərə, yəni, iki gözə birlikdə tək sayda sürmə çəkmiş oluruq. Ənəs ibn Malik (Allah ondan razı olsun) rəvayət edir ki, "Peyğəmbər (salləllahu aleyhi və səlləm) sağ gözünə üç kərə, sol gözünə isə iki kərə sürmə çəkərdi". (İbn Sə'd "Tabəqat", 1/484; "Silsilətul-Əhadisis-Səhihə", 633).
Gözə sürmə çəkməyin nə dərəcədə faydalı olduğu barədə isə böyük və mötəbər islam alimi İbnul-Qeyyim (Allah ona rəhmət eləsin) demişdir: "Sürmə çəkmək, gözün sağlamlığını qoruyur, onun nurunu artırır, onu zərərli şeylərdən qoruyur, gözdəki çirki təmizləyir, üstəlik gözlərə gözəl görünüş verir". (Zadul-Məad fi Hədyi Xeyril-İbad, 4/257).

Teqlər: 
Paylaş: