Bir insan haqqında kiməsə şikayət etmək olarmı?
Sual:
salam aleykum.bir insan haqqinda kimese şikayet etmek qeybetdi, bes bir insandan Allah(c.c)şikayet etsek yeni ureyimizdekini ona desek bu gunah olarmi?evvelceden tesekkurumu bildirirem.
Cavab:
Va aleykum Salam. Şikayət etmək xeyri cəlb etmək və ya zərəri aradan qaldırmaq üçün edilir. Haqsızlığa məruz qaldıqda və ya haqqı bərqərar etmək məqsədilə bir insan barəsində aidiyyatı olan kimsəyə şikayət etmək günah sayılmır. Bu cür şikayətlər qeybətin icazə verilən növünə aid edilir. İslam alimi İmam ən-Nəvəvi (Allah ona rəhmət etsin) "əl-Əzkar" adlı kitabında haram olan qeybətlə yanaşı icazə verilən altı növ qeybəti də qeyd edərək bildirir. Bunlar aşağıdakılardır:
Birinci növ: Zülm olunan kimsənin etdiyi qeybət. Məzlumun ona edilən zülmün mahiyyətini sultana, hakimə və ya başqalarına danışması icazəlidir. Uca Allah buyurur: "Allah pis sözün ucadan deyilməsini sevmir. Ancaq zülm olunan kimsələr istisnadır. Allah Eşidəndir, Biləndir". (ən-Nisa, 148).
Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bu barədə buyurmuşdur: "Haqlı kimsənin söz söyləməyə haqqı vardır". (əl-Buxari, 2306, 2390).
İkinci növ: Pis işlərdən, günahkarı etdiyi əməldən çəkindirmək üçün kömək məqsədilə edilən qeybət caizdir. Bunu isə hər adama yox, pis işlərdən çəkindirməyə qadir olan şəxsə demək lazımdır. Ömər ibn əl-Xəttaba (Allah ondan razı olsun) Əbu Cəndəlin Şamda şərab içdiyini xəbər verirlər. Ömər ona Ğafir surəsində olan bu ayələri yazır və ona göndərir. Uca Allah buyurur: "Ha. Mim. Bu Kitab Qüdrətli, Müdrik Allah tərəfindən nazil edilmişdir. Bu, günahları Bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli olan lütf sahibindəndir! Ondan başqa ilah yoxdur. Dönüş də Onadır". (Ğafir, 1-3). Bu məktubdan sonra Əbu Cəndəl şərab içməyi tərk edir. Əbu Cəndəlin içki içdiyinin Ömərə xəbər verilməsini heç bir səhabə qeybət kimi dəyərləndirməmişdir.
Üçüncü növ: Fətva almaq üçün edilən qeybət. İnsanın fətva almaq istədiyi adama filankəs bu cür edib, filankəs necə adamdır və s. bu kimi etdiyi qeybətlər caizdir. Hind bint Utbəh (Allah ondan razı olsun) dedi: "Ey Allahın elçisi! Əbu Sufyan simicdir, mənə və övladına yetəcək qədər pul vermir. Əbu Sufyanın xəbəri olmadan onun pulundan götürüb xərcləyə bilərəm?" Peyğəmbər (salləllahu aleyhi və səlləm): "Özünə və övladına yetdiyi qədər götürə bilərsən"– deyərək cavab verdi. (əl-Buxari, 5364).
Dördüncü növ: Müsəlmanları şərdən çəkindirmək üçün edilən qeybət. Məsələn, hədis rəvayət edən şəxslərin necə insan olduğunu bəyan etmək üçün edilən qeybət. Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Nə gözəl kişidir Əbu Bəkr. Nə gözəl kişidir Ömər. Nə gözəl kişidir Əbu Ubeydə. Nə gözəl kişidir Useyd ibn Hudeyr. Nə gözəl kişidir Sabit ibn Qeys ibn Şəmmas. Nə gözəl kişidir Muaz ibn Amr ibnul-Cəmuh. Nə gözəl kişidir Muaz ibn Cəbəl". Sonra da: "Nə pis kişidir filankəs. Nə pis kişidir filankəs" - deyə yeddi nəfərin adını çəkdi. (Ədəbul-Mufrad, 337). Bu cür qeybət etmək bəzi hallarda vacib olur.
Beşinci növ: Açıq-aydın, heç kəsdən gizlətmədən fasiq işlər görənlərin qeybətini etmək caizdir. Həsən əl-Basridən (Allah ondan razı olsun) günah işlər görüb, onu insanlardan gizlətməyən kəslər haqqında soruşduqda o: "Yox, qeybət deyil. Çünki onun hörməti yoxdur"– deyə cavab vermişdir.
Altıncı növ: Tanıtmaq məqsədi ilə edilən qeybət. Məsələn, həmin insanı adı və ya başqa sifətləri ilə tanıda bilməzsə, onun tanınan hər hansı bir eyib sifətini qeyd edə bilər. Məsələn; kor, lal, axsaq və s. Alimlər bunun qeybət olmamasında ittifaq eləmişlər.
Həmçinin, haqsızlıq etmiş kimsə barəsində Uca Allaha da şikayət etmək, zülmə qarşı Ondan imdad diləmək olar. Uca Allah Qurani-Kərimdə bəzi Peyğəmbərlərin (Allahın onlara salamı olsun) öz qövmləri barəsində şikayət etmələrini zikr edir. Uca Allah Nuh peyğəmbərin (Allahın ona salamı olsun) belə dua etdiyini xəbər verir: "O dedi: "Ey Rəbbim, mən xalqımı gecə də, gündüz də dəvət etdim. Amma dəvətim onların haqdan qaçmalarını daha da artırdı. Sən onları bağışlayasan deyə mən hər dəfə onları imana dəvət etdikdə, onlar barmaqlarını qulaqlarına tıxayır, paltarlarına bürünür, küfrlərində israr edir və ötkəm-ötkəm təkəbbürlənirdilər. Sonra mən onları aşkarcasına dəvət etdim. Sonra mən onlara həm uca səslə, həm də gizlicə bildirib dedim: "Rəbbinizdən bağışlanmağınızı diləyin! Həqiqətən, O, çox Bağışlayandır! O, sizin üzərinizə bol-bol yağış göndərər, var-dövlət və oğul-uşaqla sizin imdadınıza çatar, sizin üçün bağlar salar və çaylar yaradar. Necə olub ki, siz Allahın böyüklüyünü layiqincə uca tutmursunuz? Axı O sizi mərhələlərlə yaratdı. Məgər Allahın yeddi göyü təbəqə-təbəqə necə yaratdığını görmürsünüz? Ayı bir nur, günəşi də çıraq etmişdir. Allah sizi torpaqdan bir bitki kimi bitirmişdir. Sonra O sizi ora qaytaracaq və yenidən çıxardacaqdır. Allah yeri sizin üçün xalı təki döşədi. Belə etdi ki, orada geniş yollarla hərəkət edəsiniz". Nuh dedi: "Ey Rəbbim! Onlar mənə asi oldular və var-dövləti, övladı özünə zərərdən başqa bir şey artırmayan bir adama tabe oldular. Onlar mənə qarşı böyük bir hiylə işlətdilər və özlərinə tabe olanlara dedilər: "Öz məbudlarınızı tərk etməyin; Vəddi, Suvaı, Yəğusu, Yəuqu və Nəsri tərk etməyin!" Artıq onlar çoxlarını azdırmışlar. Sən də zalımlara azğınlıqdan başqa bir şey artırma". (Nuh, 5-24).