Cənnətə son girən haqda hədisi yaza bilərsinizmi?

    16.02.2018
Sual: 
Salam Aleykum. Cənnətə axırıncı girən adam barəsindəki hədisi yaza bilərsiz. Cavablara görə cox sağolun Allah sizdən razı olsun.
Cavab: 

Və aleykum Salam. Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, (bir dəfə) camaat soruşdu: "Ey Allahın Elçisi! Qiyamət günü Rəbbimizi görə biləcəyikmi?" Allah Elçisi (salləllahu aleyhi və səlləm) dedi: "Məgər siz buludla örtülməmiş günəşi (görəcəyinizə) şübhə edirsiniz?" Onlar: "Xeyr!"- dedilər. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) buyurdu: "Rəbbinizi də belə­cə görəcək­siniz. Qiyamət günü insanlar məhşərə toplanacaq və Allah buyura­caq: "Kim nəyə ibadət edirdisə, qoy onun ardınca getsin!" Beləliklə, onlar­dan kimisi günəşin, kimisi ayın, kimisi də tağut­ların ardınca gedəcək. Axırda bu ümmət, içində olan müna­fiqlərlə birlikdə qalacaqlar. Allah onların yanına gəlib buyu­racaq: "Mən sizin Rəbbinizəm!" Onlar (Onu tanımadıqlarına görə) deyəcəklər: "Rəbbimiz gələnədək bura bizim yerimiz (ola­caq), Rəbbimiz gələndə biz Onu tanıyacağıq". Sonra Allah onların yanına gəlib buyuracaq: "Mən sizin Rəbbinizəm!" Onlar (Onu tanı­yacaq və): "Sən bizim Rəbbimizsən!" - deyəcəklər. (Bun­dan sonra) Allah onları çağıracaq, Cəhən­nə­min üzərində körpü (sırat körpüsü) qurulacaq və ümməti ilə birlikdə bu körpüdən keçən elçilərin birin­cisi mən olacağam. O gün elçilərdən başqa heç kəs danışa bilməyəcək, elçilər isə deyəcəklər: "Allahım, xilas et, xilas et!" Cəhənnəmdə sadan (dadı şirin tikanlı bir bitki) tikanlarına bənzər qarmaqlar vardır. Siz sadan tikanlarını görmüsünüzmü?" Əshabələr: "Bəli"- dedilər. Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: "Bu qarmaqlar sadan tikanlarına bənzə­yirlər, lakin Allahdan başqa heç kəs onların nə qədər böyük olduğunu bilmir. Onlar insanları əməllərinə görə tutacaqlar, kimisi əməlinə görə məhv olacaq, kimisi də didik-didik ediləcək, lakin axırda xilas olacaq. Nəhayət Allah Cəhənnəmə vasil olanlardan dilədiyinə mərhəmət göstər­mək istədiyi zaman mələk­lərə Allaha ibadət etmiş kimsələri (oradan) çıxarmağı əmr edəcək. Mələklər onları (üzlərindəki) səcdə izindən tanıyıb (oradan) çıxa­racaqlar. Belə ki, Allah Cəhənnəm oduna səcdə izlərini yan­dırıb-yax­mağı haram etmişdir. Beləliklə, onlar Cəhən­nəmdən çıxa­caqlar. Od Adəm övladının vücudunu səcdə yerləri istisna olmaqla, başdan ayağa yandırıb-yaxacaq və onlar sümüklərinə qədər yanmış halda oddan çıxacaq­lar. Bundan sonra onların üs­tünə dirilik suyu töküləcək və onlar selin gətirdiyi toxumun cücə­rib yetişdiyi kimi diriləcəklər. Nəhayət Allah Öz qulları üzərində mühakiməsini bitirdikdə Cənnətlə Cəhənnəm arasında bir nəfər qalacaq. Bu adam Cəhənnəmdən çıxıb Cənnətə girən kimsələrin axırın­cısı olacaq. Onun üzü Cəhənnəmə tərəf olacaq və o deyəcək: "Ey Rəbbim, mənim üzümü oddan döndər, çünki onun tüstüsü məni zəhər­ləmiş, alovu da məni yandırıb-yaxmışdır!" Allah buyuracaq: "Bu istədiyin yerinə yetirilsə, başqa bir şey istəyəcək­sənmi?" Bu adam: "Sənin İzzətinə and olsun ki, yox!"- deyəcək və Allaha dilədiyi qədər and içib söz verəcək. Allah da onun üzünü oddan döndərəcək. Allah onun üzünü Cənnətə tərəf çevirdikdə o, (Cənnətin) gözəlliyini görüb Allahın istədiyi qədər susacaq, sonra isə deyəcək: "Ey Rəbbim, məni Cənnətin qapısına yaxınlaşdır". Allah ona buyuracaq: "Məgər sən and içib söz verməmişdin ki, bu istədiyindən başqa heç nə istəməyəcəksən?" O deyəcək: "Ey Rəbbim, qoy Sənin yaratdıq­larının ən bədbəxti mən olmayım!" Allah buyuracaq: "Bu istədiyin yerinə yetirilsə, başqa bir şey istəməyəcəksənmi?" O (yenə): "Sənin İzzətinə and olsun ki, mən başqa heç nə istəməyəcəyəm"- deyəcək və Allaha dilədiyi qədər and içib söz verəcək. Allah da onu Cənnətin qapısına yaxınlaş­dıracaq. Cənnətin qapısına çatdıq­da onun gözəlliyini, içindəki sevinc və zövq-səfanı görüb Allahın istədiyi qədər susacaq, sonra da deyəcək: "Ey Rəbbim, məni Cənnətə daxil et!" Allah buyura­caq: 2Vay sənin halına, Ey Adəm övladı, sən nə qədər vədinə xilaf çıxırsan! Məgər sən and içib söz verməmişdin ki, sənə verilən­lərdən başqa heç nə istəməyəcək­sən?" O deyəcək: "Ey Rəbbim, qoy Sənin yaratdıqlarının ən bədbəxti mən olmayım!" Belə olduq­da Uca Allah güləcək, sonra ona Cənnətə daxil olmağa izn verəcək və buyuracaq: "(Nə diləyirsən) dilə!" O adam o qədər diləyə­cək ki, axırda (heç bir) diləyi qalmayacaq və Uca Allah buyuracaq: "Filan və filan şeyləri də dilə!" Beləcə, Rəbbi ona (onun istəklərini) xatırladacaq. Artıq onun heç bir istəyi qalmadıqda Uca Allah buyuracaq: "Sənə bu istədiklərin və bir o qədəri də (veril­mişdir)". Əbu Səid əl-Xudri Əbu Hureyraya dedi: "Allah Elçisi (salləllahu aleyhi və səlləm) demişdir ki, Allah buyuracaq: "Sənə bu istədiklərin, üstəlik onun on misli (verilmişdir)". Əbu Hureyra (Allah ondan razı olsun) da (ona, belə) cavab verdi: "Mən Allah Elçisinin (salləllahu aleyhi və səlləm): "Sənə bu istədiklərin və bir o qədəri də (verilmişdir)"- dediyini yadda saxlamışam. Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) isə dedi: "Mən isə onun: "Sənə bu istədiklərin, üstəlik onun on misli (verilmişdir)"- dediyini eşitmişəm". (əl-Buxari, 764, 773, 806; Muslim, 267, 469).

Teqlər: 
Paylaş: