Mənim on bir yaşım var. Allahın sevgisini qazanmaq üçün nə edim?
Aleykum salam. Allah Təalanın sevgisini qazanmaq istəyirsinizsə, Onun dediklərini yerinə yetirin və qadağan etdikləri şeylərdən də uzaq durun. Həmçinin, sizin yaşda olanlar üçün ən çox məsləhət görülən əməl Qurani Kərimi oxumağı öyrənmək, surələri əzbərləmək, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) buyurduğu zikr və duaları əzbərləmək və gündəlik həyatda tətbiq etmək, eləcə də namaz qılmaq, valideynlərin sözünə baxmaq, təhsil almaq, faydasız və günah işlərdən uzaq olmaqdır. Siz bu deyilənləri etsəniz, Allahın sevgisini qazanmış olarsınız. Uca Allah kiçik yaşlardan Ona ibadət etməyə başlayan qulunu Qiyamət günü öz kölgəsi altında kölgələndirəcək. Allah Elçisi (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: "Yeddi qism insan vardır ki, Allah onları Öz kölgəsindən başqa heç bir kölgənin olmayacağı bir gündə kölgəsi altında kölgələndirəcəkdir. Bunlar; ədalətli rəhbər, Rəbbinə ibadət etməklə böyüyüb boya-başa çatmış gənc, qəlbi məscidlərə bağlı olan kişi, bir-birini Allah xatirinə sevən, Ona görə görüşüb Ona görə ayrılan iki kişi, gözəl və zadəgan bir qadın tərəfindən zinaya çağırıldıqda: "Mən Allahdan qorxuram!" - deyən kişi, sağ əli ilə verdiyi sədəqəni sol əlindən gizlədən kişi və xəlvətə çəkilib Allahı yad edərək gözləri yaşla dolan kişi". (Muslim, 1031, 1712).