Kişinin 4 qadınla evlənə bilməsi qadının dəyərsiz olmasını bildirirmi?
Va aleykum Salam. Ədalətlə davranacağı təqdirdə kişinin bir neçə qadınla evlənə bilməsi Allahın hökmüdür. Allahın hökmü isə ən ədalətli və hamı üçün xeyirli olan hökmdür. O, buyurur: "...xoşunuza gələn halal qadınlardan ikisi, üçü və dördü ilə evlənin. Əgər o qadınlarla ədalətlə dolanmayacağınızdan qorxursunuzsa, onda onlardan biri ilə və yaxud sahib olduğunuz cariyələrlə kifayətlənin. Bu, haqsızlıq etməməyə daha yaxındır". (ən-Nisa, 3). Neçə-neçə dul, boşanmış qadınlar var ki, onların da ailə quraraq maddi və mənəvi baxımdan kişi himayəsinə, qayğısına, övlad sahibi olmasına ehtiyacları var. Zinadan (ailədən kənar əlaqə) fərqli olaraq bu zaman qadının ev, geyim, yemək və bütün digər ehtiyacları kişi tərəfindən ödənilir. Bu, həmçinin cəmiyyətdə zinanın, əxlaqsızlığın və fitnə-fəsadın qarşısını alan səbəblərdəndir. Odur ki, müsəlman qadın Allah rizası üçün qısqanclığını bir kənara qoyub Allahın bu barədə olan əmrinə qarşı gəlməməli və özünə istədiyini müsəlmanlara da istəməlidir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Sizlərdən hər hansı biriniz özünə istədiyini müsəlman qardaşına istəməyincə, kamil iman gətirmiş sayılmaz". (əl-Buxari "Kitabul-İman", 1/14; №: 13; Muslim "Kitabul-İman", 1/67, №: 45).
Müsəlman həmçinin Allahın hökmlərinə tabe olaraq onları sorğu-sual etməməlidir. Uca Allah buyurur: "Allah gördüyü işlər haqqında sorğu-sual olunmaz; onlar (bəndələr) isə sorğu-sual olunacaqlar". (əl-Ənbiya, 23).
Həmçinin oxuyun: Qısqanclığın müalicəsi nədir?