Pul tapdıqda onu özümüzdə saxlaya bilərik?
Aleykum salam. Əgər tapılan pul böyük məbləğdə olarsa, elan edərək onun sahibini bir il müddətində axtarmaq lazımdır. Əgər az miqdarda puldursa, o halda pulu tapan adam onu özünə götürə və ya itirən insanın əvəzinə sədəqə verə bilər. Zeyd ibn Xalid əl Cuhəni (Allah ondan razı olsun) rəvayət edir ki, bir adam Peyğəmbərdən (salləlahu aleyhi və səlləm) tapılmış əşya barəsində soruşdu. Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Əvvəlcə o əşyaya bağlanılmış ipin və (yaxud əşyanın saxlanıldığı) qabın (kimə məxsus olduğunu) öyrənməli, sonra da bir il ərzində bu tapılmış əşya barədə insanlara bildirməlisən. Bundan sonra sən ondan istifadə edə bilərsən. Hərgah o əşyanın sahibi gəlib çıxarsa, onda onu sahibinə qaytarmalısan". Adam: "Bəs itmiş dəvə necə?" - deyə soruşdu. Peyğəmbər (salləllahu aleyhi və səlləm) o qədər qəzəbləndi ki, yanaqları (və ya üzü) qızardı. Dedi: "Ondan sənə nə? Onun tuluğu və pəncəsi yanında ikən bulaq başına gəlir, ağaclardan yarpaq yeyir. Elə isə sahibi onu tapıncaya qədər ona toxunma!" Adam: "Bəs itmiş qoyun necə?" - deyə soruşdu. Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "O ya sənə, ya sənin qardaşına, ya da canavara çatacaq". (əl-Buxari, 91).