Dində hər şeyin dəlilini axtarmaq düzgündürmü?

    08.08.2018
Sual: 
Salam Aleykum. Dinde her sheyin delilini, subutunu axtarmaq ne derecede duzgundu ? Her sheyin en dogrusunu etmek meqsedyle.
Cavab: 
Va aleykum Salam. Dindən, dinin adından danışan müsəlmanın hər bir məsələdə elm, dəlil və sübutla danışması zəruridir. Uca Allah bizi dəlil və sübutla danışmağa dəvət edərək mübarək kitabında belə buyurur: "...De: "Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin!" (əl-Bəqərə, 111; ən-Nəml, 64).
"De: "Bu, mənim yolumdur. Mən və mənə tabe olanlar, mötəbər dəlillərə əsasən, insanları Allaha tərəf çağırırıq...". (Yusuf, 108).
"Biz hər ümmətdən bir şahid çıxardacaq və: "Dəlilinizi gətirin!"– deyəcəyik. Onlar biləcəklər ki, haqq yalnız Allaha məxsusdur...". (əl-Qasas, 75).
"...De: "Sübutunuzu göstərin! Budur mənimlə olanların zikri və məndən öncəkilərin zikri". Lakin onların çoxu əsl həqiqəti bilmir və ondan üz çevirərlər". (əl-Ənbiya, 24).
"De: "Rəbbim həm aşkar, həm də gizli törədilən yaramaz əməlləri, hər cür günahı, haqsızcasına zülm etməyi, Allahın, haqqında heç bir dəlil nazil etmədiyi bir şeyi Ona şərik qoşmağınızı və bilmədiyiniz şeyləri Allahın əleyhinə söyləməyinizi haram buyurmuşdur". (əl-Əraf, 33).
"Dilinizin uydurduğu yalana əsasən: "Bu halaldır, o haramdır!"– deməyin, çünki Allaha qarşı yalan uydurmuş olursunuz. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar". (ən-Nəhl, 116).
"De: "Allahın sizə nazil etdiyi ruzi barədə söyləyin görüm, onun bir qismini haram, bir qismini isə halal saydınız". De: "Allahmı sizə izin verdi, yoxsa Allaha iftira yaxırsınız?" Allaha qarşı yalan uyduranların Qiyamət günü barədə fikirləri nədir? Həqiqətən, Allah insanlara qarşı lütfkardır, lakin onların çoxu şükür etmir". (Yunus, 60). də göründüyü kimi özümüz üçün və ya qarşı tərəfə fikirlərimizi elm, dəlil və sübutlar əsasında təqdim etməliyik. Çünki kor-koranə hər hansı bir dini məsələni öyrənmək və ya onu kiməsə qəbul etdirmək Qurana və Sünnəyə ziddir. Uca Allah buyurur: "Haqqında məlumatın olmadığı bir işin dalınca getmə. Çünki qulaq, göz və ürək – bunların hamısı sahibinin əməlləri barəsində sorğu-sual olunacaqdır". (əl-İsra, 36).
Allahın Elçisi (salləllahu aleyhi və səlləm) demişdir: "Həqiqətən, insanlar üçün elə vaxtlar gələcək ki, onlar yalançılara inanacaq, doğru danışanlara isə inanmayacaqlar, xainlərə inanacaq, etibara layiq olanlardan satqınlıqda şübhələnəcəklər və söz ruueybidə olacaqdır". Ondan soruşurlar ki: "Bəs ruueybidə kimdir?" Allahın Elçisi (salləllahu aleyhi və səlləm) belə cavab verir: "Ümumi məsələlərdən danışan axmaq". (İmam Əhməd "əl-Musnəd", 2/291).
Paylaş: