İblis kimdir?

    05.10.2018
Sual: 
iblis nədir,
Cavab: 

Salam aleykum. İblis şeytanların başçışıdır. Məşhur təfsir alimi ət-Tabəri öz təfsirində yazır ki, İblis mələklərdən olmayıb, Adəm insanlığın atası sayıldığı kimi, İblis də cinlərin atasıdır və onlar da insanlar kimi çoxalırlar. Mələklərin isə belə bir xüsusiyyəti yoxdur. Onlar yeməz, içməz və çoxalmazlar. Odur ki, bunlardan hərəkətlə deyə bilərik ki, İblis mələklər kimi əvvəllər səcdə etsə də, onlardan deyildi. Çünki, mələklərin xüsusiyyətlərini daşımırdı. Uca Allah buyurur: "Bir zaman sənin Rəbbin mələklərə belə demişdi: "Mən palçıqdan bir insan yaradacağam. Mən ona surət verib Öz ruhumdan üfürdüyüm zaman ona səcdə edin!" Mələklərin hamısı birlikdə səcdə etdi, yalnız İblisdən başqa! O təkəbbür göstərdi və kafirlərdən oldu. Allah dedi: "Ey İblis! Sənə Mənim iki əlimlə yaratdığıma səcdə etməyə mane olan nə idi? Təkəbbür göstərdin, böyüklərdənmi olmuşdun?" İblis dedi: "Mən ondan daha xeyirliyəm. Çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!" Allah dedi: "Çıx oradan! Sən artıq rəhmətimdən qovulmuşsan! Haqq-hesab gününə qədər lənətim sənin üzərində olacaqdır!" İblis dedi: "Ey Rəbbim! Onlar dirildiləcəkləri günə qədər mənə möhlət ver". Allah dedi: "Sən möhlət verilənlərdənsən – vaxtı məlum olan günə qədər!" İblis dedi: "Sənin qüdrətinə and olsun ki, onların hamısını yoldan çıxaracağam; Təkcə Sənin seçilmiş ixlaslı qullarından başqa!" Allah dedi: "Budur haqq! Mən yalnız haqqı deyirəm! Mən Cəhənnəmi səninlə və sənə tabe olanların hamısı ilə dolduracağam!" (Sad, 71-85).
Həmçinin buyurur: "Sizi xəlq etdik, sonra sizə surət verdik, sonra da mələklərə: "Adəmə səcdə edin!" - dedik. İblisdən başqa (hamısı) səcdə etdi. O, səcdə edənlərdən olmadı.(Allah) dedi: "Mən sənə əmr etdikdə sənə səcdə etməyə nə mane oldu?" (İblis) dedi: "Mən ondan daha üstünəm. Çünki Sən məni oddan, onu isə palçıqdan yaratmısan!" (Allah) dedi: "Buradan aşağı en! Burada təkəbbürlük göstərmək sənə yaramaz. Çıx get, çünki sən alçaldılmışlardansan". (İblis) dedi: "Onların dirildiləcəyi günə qədər mənə möhlət ver". (Allah) dedi: "Şübhəsiz ki, sən möhlət verilənlərdənsən". (İblis) dedi: "Sən məni yoldan çıxartdığına görə mən də Sənin düz yolunun üstündə oturub (insanları) tovlayacağam. Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən". (əl-Əraf, 11-17). Həmçinin oxuyun: 
Şeytan nədir?
İblis Adəmlə bir yerdə Cənnətdə olubmu? Cənnət haradadır?

İblis mələklərdən sayılır?
İblis Dəccaldırmı?

Paylaş: