Elçi gələn oğlana daimi işi olmadığına görə imtina etmək doğrudurmu?

    21.10.2018
Kimdən: 
Zümran
Sual: 
Salam Aleykum. Mene bu yaxınlarda elçi düşmüşdü dindar bir oglan. Mende nişanımı 3aydır ki qaytarmısam hem gözüm qorxub hemde oglanın daimi işi olmadığına görə yox demişəm. Bu hereketimle yeni dindar bir insana yox dediyim üçün günah etmiş oluram mi?
Cavab: 

Va aleykum Salam. Əgər elçi düşən oğlanın dini, əxlaqı yerindədirsə, onu bəyənmisinizsə və evlilik üçün müəyyən qədər maddi və fiziki imkanı varsa, bu zaman evlənməkdən imtina etmək və ya müxtəlif əsassız bəhanələrlə gecikdirmək Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) sünnəsinə ziddir. O (salləllahu aleyhi və səlləm) belə demişdir: "Sizə dinindən və əxlaqından razı qaldığınız birisi (elçi olaraq) gəldiyi zaman qızınızı onunla evləndirin. Əgər belə etməsəniz yer üzündə fitnə və fəsad olar". Səhabələr dedilər: "Ey Allahın elçisi! Əgər həmin adamda bəzi əlamətlər (yəni, kasıblıq) olsa necə?" Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dedi: "Sizə dinindən və əxlaqından razı qaldığınız birisi (elçi olaraq) gəldiyi zaman qızınızı onunla evləndirin". O bunu üç dəfə təkrara etdi". (ət-Tirmizi, 1085).
"Dörd şeyə görə qadınla evlənməyə dəyər: var-dövlətinə görə, əsil-nəsəbinə görə, gözəlliyinə görə və bir də dininə görə. Çalış dindar olanı seçəsən, yoxsa yazıq olarsan". (əl-Buxari, 5090).

Hədislərdən məlum olduğu kimi evlilikdə ən əsas götürülən meyar tərəflərin dini, imanı və gözəl əxlaqıdır. Ona görə də heç bir ciddi və zəruri səbəb olmadan ailə qurmaqdan imtina etmək və ya bunu müxtəlif əsassız bəhanələrlə gecikdirmək Allah Rəsulunun sünnəsinə ziddidir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Nikah mənim Sünnəmdəndir (yolumdandır). Kim mənim Sünnəmə (yoluma) əməl etməsə məndən deyildir. Evlənin! Mən qiyamət günü sizinlə digər ümmətlərdən çox olacağam. Kimin imkanı varsa evlənsin. İmkanı olmayan isə oruc tutsun. Həqiqətən oruc tutmaq onun dərmanıdır". (İbn Məcəh, 1/592-1846).
Həmçinin Abdullah İbn Məsud (Allah ondan razı olsun) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə buyurduğunu rəvayət edir: "Ey cavanlar toplusu! Evlənməyə imkanı olanlar evlənsin. Çünki evlilik (yad qadınlara) gözlə baxmağın qarşısını alır və cinsiyyət orqanlarını mühafizə edir. Evlənməyə imkanı olmayan oruc tutsun. Həqiqətən oruc tutmaq onun dərmanıdır". (əl-Buxari, 9/106-5065; Muslim, 2/1018-1400).
Fatimə binti Qeys (Allah ondan razı olsun) əri onu boşayır və iddə müddəti başa çatdıqdan sonra 3 şəxs (Muaviyə, Əbu Cəhm və Usamə - Allah onlardan razı olsun) onunla ailə qurmaq üçün elçi gəlirlər. Fatimə binti Qeys də bu şəxslər barədə Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) məsləhət aldıqda Allah Rəsulu (salləllahu aleyhi və səlləm) ona belə deyir: "Əbu Cəhm qadınları çox döyən bir kişidir. (Başqa rəvayətdə: "Əsasını boyunundan yerə endirməyən biridir"). Muaviyəyə gəlincə, o malı olmayan kasıbdır və (ailəni saxlamağa) imkanı yoxdur. Usamə ilə evlən, Usamə ilə evlən!" (Muslim, 1480).
Elm əhlinin söylədiklərinə görə bu hədisdən çıxan nəticə odur ki, əgər qadına elçi düşən insanlar dində, imanda, əxlaqda, xoş rəftarda və s. eynidirlərsə, onda qadın onların əsil-nəcabətinə, nəslinə, mal-mülkünə baxa bilər və bu şeylərin üzərinə evliliyi seçərsə, günah qazanmaz. Ancaq ən əsas vacib olanı dininə, imanına, əxlaqına, onunla xoş davranacağına üstünlük verməsidir.

Paylaş: