Qəbirdəki əzab ruha və cismə verilirsə, onda cəsədi məhv olana əzab necə veriləcək?
Aleykum salam. Qəbirdəki nemətlər və əzab həm ruha, həm də bədənə veriləcəkdir. Ruh bədənlə birlikdə bütün nemət və əzabları dadacaqdır. Ola bilsin ki, bəzən yalnız ruha nemət və ya əzab verilsin. Bu məsələləri ağılla dərk etmək qeyri mümkündür. Ona görə də dinimizin ölüm və axirət həyatı haqqında xəbər verdiyi bütün səhih məlumatlara olduğu kimi iman gətirməliyik. Peyğəmbərimiz (salləllahu aleyhi va səlləm) demişdir: "Bəndə qəbirə qoyulduğu və yoldaşları dönüb getdiyi zaman onların ayaqqabılarının səsini belə eşidir və həmin anda onun yanına iki mələk gəlib onu otuzdurur və ondan soruşurlar ki: "Bu Muhəmməd deyilən adam haqqında nə deyə bilərsən?" Mömin: "Mən şahidlik edirəm ki, Muhəmməd Allahın qulu və elçisidir" - deyə cavab verir. Onda ona deyirlər: "Cəhənnəm odundakı yerinə bax! Allah onun əvəzinə sənə Cənnətdə bir yer verdi.” O adam hər iki yerini görür. Münafiqə və kafirə gəlincə, ondan da: "Bu Muhəmməd deyilən adam haqqında nə deyə bilərsən?" - deyə soruşurlar. O: "Bilmirəm, mən insanların dediyini deyirdim". Onda ona deyilir: "Sən haqqı başa düşməmisən və Quran oxumamısan!" Bundan sonra dəmir çəkiclə ona bir zərbə vurulur və o elə bağırır ki, cinlər və insanlar istisna olmaqla, ətrafdakıların hamısı onun səsini eşidir". (Səhih əl-Buxari, 1338).