Müsəlman olmayanlara sədəqə vermək olarmı?

    27.10.2018
Sual: 
AsSALAMUNALEYKUM va RAHMATULLAH. MÜSƏLMAN olmayana sədəqə vermək olarmı?
Cavab: 

Və aleykumus-Sələm və rahmətullahi va bərakətuhu. Bəli, qeyri müsəlmana sədəqə vermək olar. Belə ki, İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) İslam əhlindən başqa kimsələrə sədəqə verməməyi bizə əmr etdi. Nəhayət, bu ayə nazil oldu: "Onların doğru yola gəlməsi sənə aid deyildir. Yalnız Allah istədiyi şəxsi doğru yola yönəldir. Xərclədiyiniz hər bir sədəqə özünüz üçündür. Siz onu ancaq Allahın Üzünü dilədiyinizə görə sərf edirsiniz. Malınızdan Allah yolunda nə xərcləsəniz, əvəzi sizə tam verilər və sizə zülm edilməz". (əl-Bəqərə, 272). Bundan sonra Peyğəmbər (salləllahu aleyhi və səlləm) hər hansı bir dinə mənsub olaraq gəlib səndən maddi yardım istəyənə sədəqə verməyi əmr etdi. (İbn Əbu Hatim "Təfsir", 2853; əd-Diya əl-Məqdisi "Əhadisil-Muxtəra", 113-114).
Əsma binti Əbu Bəkrdən (Allah ondan razı olsun) rəvayət olunur ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) Məkkə əhalisi ilə Hudeybiyyə sülh müqaviləsi bağlayan ildə, Əsmanın anası Mədinə şəhərinə gəlib ondan maddi kömək istəyirdi. Əsma (Allah ondan razı olsun) Peyğəmbərə (salləllahu aleyhi və səlləm) dedi: "Ey Allahın elçisi, ona yardım edimmi?!" Peyğəmbər dedi: "Bəli, ona yardım et!" (əl-Buxari, 2946). Əsmanın anası kafir olduğu halda, Peyğəmbər ona yardım etməyi əmr etmişdi, çünki dinindən asılı olmayaraq qohumlarla münasibətləri saxlamaq vacibdir.

Paylaş: