Mömin və müsəlman arasında fərq nədir?
Və aleykum salam. "Cəbrayıl hədisi" kimi tanınan hədisdə imanın üç mərtəbəsi olduğu deyilmişdir: müsəlman, mömin və muhsin. Hədisdə deyilir:
Ömər ibn Xəttab (radıyəllahu anhu) demişdir: "Bir dəfə biz Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yanında oturmuşduq. Birdən ağappaq paltarlı, zil qara saçlı, üst-başında da səfərdən bir əsər-əlamət görünməyən və heç birimizin tanımadığı bir adam yanımıza gəldi. Nəhayət, o yaxınlaşıb Peyğəmbərlə üzbəüz oturdu, dizlərini onun dizlərinə dayadı, əllərini də öz budunun üstünə qoyub dedi: "Ey Muhəmməd, mənə İslam haqqında xəbər ver!"
Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "İslam odur ki, Allahdan başqa ibadət haqqına malik heç bir tanrının olmadığına və Muhəmmədin Onun elçisi olduğuna şəhadət gətirəsən, namaz qılasan, zəkat verəsən, ramazan ayını oruc tutasan və imkanın olduğu təqdirdə Kəbəni ziyarət edəsən".
Adam: "Doğru söylədin!" - dedi.
Biz ona təəccüb etdik, o həm soruşur, həm də təsdiq edirdi. Sonra o dedi: "Mənə iman haqqında xəbər ver".
Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "İman odur ki, Allaha, Onun mələklərinə, kitablarına, elçilərinə və Axirət gününə iman gətirəsən, habelə qədərə – onun xeyrinə və şərinə iman gətirəsən".
Adam: "Doğru söylədin!" - dedi. Sonra soruşdu: "Mənə ehsan haqqında xəbər ver".
Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Ehsan odur ki, Allaha, sanki Onu görürmüşsən kimi ibadət edəsən. Sən Onu görməsən də, bil ki, O səni görür".
Müsəlman - İslamın şərtlərini zahirən yerinə yetirən hər bir şəxsə deyilir (şəhadət gətirmək, namaz, oruc və s. vacib əmrləri yerinə yetirmək)
Mömin - Allahın nazil etdiyinə qəlbən iman gətirən, Ondan qorxan, Onun əmrlərini yerinə yetirməyə və qadağan etdiyi şeylərdən çəkinməyə çalışan şəxsdir.
Muhsin - İmanın daha yüksək mərtəbəsi olub, Allahı görürmüş kimi ibadət edənə deyilir.
Müsəlmanla möminin fərqi İslamı yenicə qəbul etmiş bədəvi ərəblər haqqında nazil olmuş ayədə də bildirir. Uca Allah buyurur: "Bədəvilər: "Biz iman gətirdik!" - dedilər. De: "Siz (qəlbən) iman gətirmədiniz! Ancaq: "Biz müsəlman olduq!" – deyin. İman sizin qəlblərinizə hələ daxil olmamışdır. Əgər Allaha və Onun Elçisinə itaət etsəniz, O sizin əməllərinizdən heç bir şey əskiltməz. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir!" (əl-Hucurat, 14).
Alimlərdən ibn əl-Useymin demişdir: "Bil ki, İslam deyəndə, iman da ona daxil olur. Habelə, iman deyəndə, İslam da ona daxil olur. Lakin, bu ikisini bir yerdə dedikdə, İslam aşkarda olan, iman isə qəlbdə olan əməlləri əhatə edir. Yəni, İslam zahiri söz və əməlləri, iman isə məhəbbət, ümid və s. qəlbin etiqadına aid olan əməllərini əhatə edir."