Azan verilərkən itlərin hürməsi nə ilə bağlıdır?
Və aleykumus-Sələm və rahmətullahi və bərakətuhu. Bunun dəqiq hansı səbəbdən baş verməsi məlum deyildir. Lakin bəzi İslam alimləri bunu belə izah edir ki, azan verilərkən şeytanlar qaçır və ola bilsin ki, həmin an itlər də onları gördükləri üçün hürürlər. Çünki bəzi rəvayətlərdə bildirilir ki, azan veriləndə şeytanlar qaçır. Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Namaz üçün azan veriləndə şeytan bərkdən yel buraxaraq qaçır ki, bu çağırışı eşitməsin". (əl-Buxari, 608).
Cabir (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər demişdir: "Şeytan namaz üçün (Azanı) eşitdiyi zaman Ravha adlanan yerə qədər gedər), azan qurtardıqda isə geri qayıdır. İqamə veriləndə yenə dönüb qaçır, iqamə bitdikdə isə geri qayıdır və nəhayət, insanla onun qəlbi arasında dayanıb ona: "Filan şeyi və filan şeyi yadına sal" deyərək (namazı qurtarana qədər) onun yadına düşmədiyi şeyləri ona təlqin edir. Axırda o adam neçə (rükət) qıldığını (yadına sala) bilmir". (əl-Buxari, 608; Muslim, 880, 884).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) itlər hürərkən şeytandan Allaha sığınmağı bizə əmr edərək belə demişdir: "Gecə itlərin hürməsini və uzunqulaqların anqırmasını eşitsəniz, onlardan Allaha sığının. Çünki onlar sizin görmədiklərinizi görürlər!" (Səhih Sunən Əbu Davud, 3/961, 4/327; İmam Əhməd, 3/306).
Həmçinin demişdir: "Xoruzun banlamasını eşitsəniz, Allahdan Onun lütfünü diləyin. Çünki o (xoruz), mələk görmüşdür. Uzunqulağın anqırmasını eşitsəniz, şeytandan Allaha sığının. Çünki o (uzunqulaq), şeytan görmüşdür". (Fəthul-Bari, 6/350; Muslim, 4/2092).